Dağ Trekləri Agentliyinin direktoru - Dünya Kubokunun Qudauridə keçirilməsi o deməkdir ki, Gürcüstan dünya xəritəsində bir daha işarə olunacaq
Qudauridə “Snoubord Kross” növü üzrə Dünya Kubokunun mərhələsi keçirilir. 17 ölkədən 90-a yaxın idmançının iştirak etdiyi bu yarış Qudauridə ilk dəfə keçirilir.
Dağ Trekləri Agentliyinin direktoru İrakli Burçuladzenin sözlərinə görə, Qudauridə “Snoubord Kross” növü üzrə turnirin keçirilməsi Gürcüstanın dünya xəritəsində aparıcı dağ kurortu kimi yenidən işarə olunması deməkdir.
“Tarixdə ilk dəfə olaraq Qudauridə “snoubord kross” növünün dünya mərhələsi keçirilir. Bu, ölkəmizin növbəti uğurudur. Turnir bütün dünyada EUROSPORT və digər aparıcı kanallarda yayımlanır. Ümid edirəm ki, bu günlər kifayət qədər uğurla keçəcək. Biz olduqca yaxşı bir başlanğıc edirik. İki gün ərzində təlimlər və kvalifikasiyalar kifayət qədər yaxşı keçdi. Final mərhələsi fevralın 3-4-də keçiriləcək. Hazırlıq baxımından hər şey mükəmməldir”, – deyə İrakli Burçuladze bildirib.
Beynəlxalq tədbirdə aşağıdakı ölkələrin idmançıları iştirak edir: ABŞ, Kanada, İsveçrə, Avstriya, Andorra, Avstraliya, Hollandiya, Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya, Çexiya, Braziliya, Yaponiya, Koreya, Ukrayna. Beynəlxalq Xizək Federasiyası (FIS) tərəfindən yarışın direktoru Uve Beyer və texniki nümayəndə Lukaş Ligotski tədbirdə və təşkilati proseslərdə iştirak edirlər.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev