Cuanşer Burchuladze Xavier Kolomina ilə görüşüb
Cuanşer Burchuladze Xavier Kolomina ilə görüşüb

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze NATO baş katibinin siyasi əlaqələr və təhlükəsizlik siyasəti üzrə köməkçisi, Qafqaz və Mərkəzi Asiya üzrə baş katibin xüsusi nümayəndəsi Xavier Kolominanı qəbul edib.

Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər görüşdə regiondakı mövcud təhlükəsizlik mühiti və çağırışlar barədə fikir mübadiləsi aparıblar.

“Rusiya tərəfindən Ukraynada aparılan müharibəyə xüsusi diqqət yetirilib. Tərəflər Ukraynaya və Ukrayna xalqına sarsılmaz dəstək və həmrəyliklərini ifadə ediblər. Görüşdə regionda artan təhlükəsizlik çağırışları fonunda ölkənin müdafiə qabiliyyətinin, dayanıqlığının və NATO ilə uyğunluğunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən Alyansın Gürcüstana gücləndirilmiş praktiki dəstəyinin əhəmiyyəti müzakirə edilib.

Həmçinin, müdafiə sahəsində həyata keçirilmiş islahatları, əməkdaşlığın prioritet istiqamətləri və gələcək planları, o cümlədən NATO-Gürcüstan Əsas Paketi çərçivəsində praktiki yardımın daha da dərinləşdirilməsi və Qara dənizin təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı Alyansın qərarını müzakirə ediblər. Görüşdə NATO-nun Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə və ölkənin Avro-Atlantik istəklərinə qəti və sarsılmaz dəstəyi bir daha təsdiqləndi” -deyə məlumatda qeyd olunub.