Cuanşer Burchuladze Türkiyənin yeni təyin olunmuş səfiri ilə tanışlıq görüşü keçirib
Cuanşer Burchuladze Türkiyənin yeni təyin olunmuş səfiri ilə tanışlıq görüşü keçirib

 
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Türkiyə Respublikasının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayı qurumda qəbul edib. Nazir türk diplomatı yeni vəzifəsi münasibətilə təbrik edib, ona məsul missiyasında uğurlar arzulayıb.

“Müdafiə naziri səfirə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, eləcə də NATO-ya inteqrasiyasına verdiyi dəstəyə görə təşəkkür edib. Nazir NATO-nun Madrid Sammitində tərəfdaşların ehtiyaclarına uyğunlaşdırılmış siyasi və praktiki dəstəyin vacibliyini vurğulayaraq, Türkiyənin bu prosesdəki rolunu ayrıca qeyd edib. Yenilənmiş NATO-Gürcüstan əsas paketinin həyata keçirilməsində Türkiyənin töhfəsi xüsusilə qeyd olunub.

Tərəflər regional təhlükəsizlik məsələlərini və müdafiə sahəsində ikitərəfli əməkdaşlığı nəzərdən keçiriblər və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar. Görüşdə Gürcüstanın müdafiə imkanlarının inkişafında Türkiyə tərəfinin uzunmüddətli maliyyə, maddi-texniki və ekspert dəstəyi qeyd edilib”- deyə rəsmi məlumatda deyilir.

Türkiyə Respublikasının səfiri ilə görüşdə müdafiə attaşesi polkovnik Burak Altıner iştirak edib.