Cuanşer Burchuladze Qərb komandanlığında cari infrastruktur işləri ilə tanış olub
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze hərbi bazalarda cari infrastruktur işləri ilə tanış olub.
Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Cuanşer Burchuladze Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili və qurumun rəhbər şəxsləri ilə birlikdə Xonidə 6-cı artilleriya briqadasının ərazisində yeni təmir edilmiş kazarmalara baxış keçirib.
Məlumata əsasən, müdafiə naziri görülən infrastruktur işləri ilə tanış olub, cari işlər barədə ətraflı məlumat alıb. Bazanın ərazisində iki ədəd kazarma əsaslı təmir edilib, çoxfunksiyalı stadion tikilib, daxili beton yollar salınıb. Həmçinin ərazidəki yeməkxana binasının təmiri davam edir.
“Hərbi xidmətçilər üçün layiqli şəraitin yaradılması məqsədilə infrastrukturun inkişafı və yenilənməsi qurumun mühüm prioritetlərindən biridir. Müdafiə Qüvvələrinin hərbi hissələrində cari ildə 20 obyekt tikilir, 50-dən çox obyektdə təmir işləri aparılır. Bu məqsədlə 2024-cü ildə müdafiə büdcəsində 100 milyon lari nəzərdə tutulacaq”- deyə Müdafiə Nazirliyindən açıqlanıb.