Cuanşer Burchuladze müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində azərbaycanlı həmkarı ilə görüşüb
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Azərbaycanda səfərdədir.
Cuanşer Burchuladze müdafiə nazirləri səviyyəsində Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli ministerialında iştirak edir.
Qurumdan verilmiş məlumatda nazirlərin görüşü çərçivəsində Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladzenin Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə görüşdüyü deyilir.
“Azərbaycan və Gürcüstanın müdafiə nazirləri 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar. Cuanşer Burchuladze Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi etdiyinə görə azərbaycanlı həmkarına təşəkkür edib. O qeyd edib ki, ölkələr arasında hörmət, mehriban qonşuluq münasibətləri və etimada əsaslanan əməkdaşlıq regionun təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.
İkitərəfli görüşdə tərəflər regionun qarşısında duran çağırışları müzakirə ediblər. Cuanşer Burchuladze Gürcüstanın sülhsevər qonşuluq təşəbbüsü çərçivəsində tərəflər arasında dialoqa və etimadın möhkəmlənməsinə kömək etməyə hazır olduğunu xüsusilə qeyd edib. Tərəflər ölkələr arasında müdafiə sahəsində ikitərəfli və üçtərəfli formatda əməkdaşlığı müzakirə ediblər. Gürcüstanda keçirilməsi planlaşdırılan beynəlxalq təlim və kurslarda Azərbaycan hərbçilərinin aktiv iştirakı qeyd edilib. Üçtərəfli təlimlərə də diqqət yetirilib. Müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlığın, eləcə də ölkələrin və regionun inkişafına töhfə verəcək strateji səviyyəli görüşlərin mövcud dinamikasını saxlamaq istəyi qeyd olunub”-bu barədə Gürcüstanın Müdafiə Nazirliyinin məlumatında qeyd olunub .
Qurumun açıqlamasında gələn il Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünə Gürcüstanın ev sahibliyi edəcəyi deyilir.