Cuanşer Burchuladze Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Şarl Frizlə görüşüb
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibinin Avropa İttifaqının Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) və Böhrana Reaksiya istiqamətində müavini Şarl Frizlə görüşüb. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
Nazirlikdən verilən məlumatda görüşdə tərəflərin Avropa İttifaqı ilə Gürcüstan arasında cari əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə etdikləri deyilir.
“Cuanşer Burchuladze ölkəmizin Avropa və Avro-Atlantik strukturlara olan istəyini xüsusilə vurğulayıb və Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusu almaq üçün Avropa Komissiyasının tövsiyələrini yerinə yetirməkdə davam edəcəyini bildirib. Görüşdə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibinin müavini Gürcüstana münasibətdə uzunmüddətli maliyyə yardımı proqramını həyata keçirmək barədə hazırlıq ifadə edib.
Görüşdə tərəflər Qara dəniz regionunda təhlükəsizlik mühitinin pisləşməsini, mövcud təhdidləri və çağırışları müzakirə ediblər. Görüşdə bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə olunub. Müdafiə naziri Avropa Sülh Vasitəsi (EPF) çərçivəsində Gürcüstana növbəti maliyyə yardımı paketinin təsdiqlənməsinə görə Avropa İttifaqının nümayəndəsinə təşəkkür edib və qeyd edib ki, 20 milyon avro dəyərində yardım ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədinə xidmət edir və Ümumi Müdafiə və Təhlükəsizlik Siyasəti (CSDP) çərçivəsində Gürcüstanın Avropa İttifaqı ilə aktiv əməkdaşlığını təşviq edəcək.
Gürcü tərəfi EUMM-nin Gürcüstanda sabitliyin qorunması prosesində yeganə beynəlxalq monitorinq mexanizmi kimi vacib rolunu qeyd edib.
Görüşdə Gürcüstanın Avropa İttifaqının egidiyası ilə davam edən beynəlxalq hərbi-təlim missiyasına (EUTM RCA) töhfəsi və münaqişələrin sülh yolu ilə həllində Avropa İttifaqının səylərinə diqqət yönəldilib” -deyə məlumatda deyilir.