Cozef Borrellin mətbuat katibi - Avropa İttifaqı Rusiyanın Gürcüstanın özünü müstəqil elan etmiş Abxaziya bölgəsində hərbi-dəniz bazasının yaradılması ilə bağlı yayılmış məlumatlardan dolayı narahatlığını ifadə edir
Cozef Borrellin mətbuat katibi - Avropa İttifaqı Rusiyanın Gürcüstanın özünü müstəqil elan etmiş Abxaziya bölgəsində hərbi-dəniz bazasının yaradılması ilə bağlı yayılmış məlumatlardan dolayı narahatlığını ifadə edir

 
Avropa İttifaqı Rusiyanın Gürcüstanın özünü müstəqil elan etmiş Abxaziya bölgəsində Qara Dəniz Donanmasının daimi hərbi dəniz bazası yaratmaq planları barədə yayılmış məlumatlardan dolayı ciddi narahatlığını ifadə edir – bu barədə Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi tərəfindən yayılmış ali nümayəndə Cozef Borrellin mətbuat katibinin bəyanatında qeyd olunub.

“Rusiyanın Gürcüstanın özünü müstəqil elan etmiş bölgələrində – Abxaziya və Cənubi Osetiyada hərbi qüvvələrinin olması qanunsuzdur, bu, Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq hüququn prinsiplərini və Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən 12 avqust 2008-ci il tarixli razılaşmanı və bu razılaşmanın həyata keçirilməsi tədbirləri haqqında 2008-ci ilin 8 sentyabr tarixində imzalanmış sənədi pozur.

Rusiya qeyd olunan planları həyata keçirməyə davam edərsə, gərginliyi daha da artıracaq və regionda sabitliyə daha böyük təhlükə yaradacaq.

Avropa İttifaqı Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir” – bəyanatda deyilir.

İşğal altındakı Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya “İzvestiya” rus nəşrinə müsahibəsində Rusiyanın işğal altındakı Abxaziyada, Qara dəniz sahillərində hərbi-dəniz qüvvələrinin bazalaşdırılmış yeni daimi məntəqəsini yaratmağı planlaşdırdığını bildirib.

Bununla bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sitat: “İşğal olunmuş ərazilərdə əlavə Rusiya bazasının yerləşdirilməsi və Rusiyanın təşəbbüsünü qaldırdığı inteqrasiya proseslərinə Abxaziya regionunun qoşulması ilə bağlı açıqlamalardan narahat olduğumuzu bildiririk”.