Cozef Borrell və Avropa Komissiyası “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı bəyanat yayırlar
Cozef Borrell və Avropa Komissiyası “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı bəyanat yayırlar

Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyası Gürcüstan parlamenti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı bəyanat yayırlar.

“Avropa İttifaqı gürcü xalqını və onun demokratiya və Gürcüstanın Avropa gələcəyinin xeyirinə seçimlərini dəstəkləyir. Vətəndaş cəmiyyəti nümayəndələrinə, siyasi liderlərə və jurnalistlərə, həmçinin, onların ailə üzvlərinə qarşı hədə-qorxu, təhdid və fiziki zorakılıq yolverilməzdir. Biz Gürcüstan hakimiyyətini bu sənədləşdirilmiş hərəkətləri araşdırmağa çağırırıq.

Avropa Şurası Avropa Komissiyasının 8 noyabr 2023-cü il tarixli tövsiyəsində nəzərdə tutulan müvafiq doqquz addımın atılacağını nəzərə alaraq Gürcüstana namizəd ölkə statusu verdi. Bu addımlar tələb edir ki, insan hüquqları qorunsun, vətəndaş cəmiyyəti, eləcə də media sərbəst fəaliyyət göstərə bilsin. Onlar həmçinin depolarizasiya ehtiyacına və dezinformasiyaya qarşı mübarizəyə də aiddir.

Buna baxmayaraq və böyük etirazlara və beynəlxalq ictimaiyyətin açıq çağırışlarına baxmayaraq, Gürcüstan hökumətinin hakim çoxluğu “Xarici təsirin şəffaflığı haqqında” qanunu parlamentdə üçüncü oxunuşda qəbul etdi. Avropa İttifaqı qanunun istəyi və məzmununun Avropa İttifaqının əsas norma və dəyərlərinə uyğun olmadığını açıq şəkildə və dəfələrlə bəyan etdi. Sərbəst toplaşmaq və ifadə azadlığı Gürcüstanın Assosiasiya Sazişi və Avropa İttifaqına üzvlük yolu çərçivəsində öhdəliklərinin əsasını təşkil edən əsas hüquqlar olduğuna görə bu, vətəndaş cəmiyyətinin və müstəqil medianın işinə xələl gətirir.

Bu qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləməsinə mənfi təsir göstərəcək. İrəliyə gedən yol ilə bağlı seçim Gürcüstanın əlindədir. Biz Gürcüstan hakimiyyətini qanunu geri qaytarmağa, Avropa İttifaqı yoluna sadiq qalmağa və doqquz addımda ətraflı təsvir olunan zəruri islahatları irəli sürməyə çağırırıq.

Avropa İttifaqı Avropa gələcəyinə can atan gürcüləri dəstəkləməyə davam etməyə hazırdır”, – bəyanatda deyilir.