Cozef Borrell - şərq tərəfdaşları ilə necə işləməyi nəzərdən keçirməliyik, regional yanaşma nəzərə alınmalıdır
Cozef Borrell - şərq tərəfdaşları ilə necə işləməyi nəzərdən keçirməliyik, regional yanaşma nəzərə alınmalıdır

 

Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələri ilə fəaliyyətin hansı formada olması nəzərdən keçirilməlidir.

Borrell bu barədə Brüsseldə, Şərq Tərəfdaşlığına üzv dövlətlərin ministerialı və Avropa İttifaqının xarici işlər nazirləri şurasının iclası başlamazdan açıqlayıb.

“Şərq tərəfdaşları ilə necə işləməli olduğumuzu nəzərdən keçirməliyik, çünki üç ölkə namizəd olub. Biri Aİ-dən çox uzaqdır, Belarusu nəzərdə tuturam. Ümumiyyətlə, bunlar çox fərqli ölkələrdir. Bu getdikcə çətinləşsə də, regional yanaşma nəzərə alınmalıdır. Bu, Ukraynada müharibə başlayandan sonra Şərq Tərəfdaşlığına üzv ölkələrin nazirlərinin ilk görüşüdür. Bu səbəbdən aydındır ki, biz bu məsələ haqqında çox danışacağıq” – deyə Cozef Borrell açıqlayıb.

Cozef Borrell jurnalistlərə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri şurasının gündəliyində müzakirə olunacaq məsələlər barədə də danışıb.

“Daha sonra Aİ Şurası keçiriləcək, bu uzun və çətin olacaq, çünki gündəliyimizdə İran məsələsi, eləcə də Rusiyaya qarşı hələ hazır olmayan doqquzuncu sanksiyalar paketi var. Onu da deyim ki, bu məsələ barədə müəyyən anlaşılmazlıq var. Vurğulamaq istərdim ki, mən və Avropa Komissiyası sanksiyaları elan edəndə bu, sadəcə təklifdir və qərarı Şura qəbul etməlidir. 27 nazirin fərqli yanaşmaları var. Təklif etmişik, lakin bu, qərar deyil. Təklifimiz müzakirə olundu, düşünürdüm ki, bu gün yaşıl işıq yandıra biləcəyik, lakin hələ ki bu belə deyil. Günün sonuna qədər razılıq əldə oluna bilər, lakin razılaşdırılmalı olan müəyyən sual var. Bu gün və ya sabah razılaşma əldə oluna bilər, lakin fərqli düşüncələr olduğu üçün asan olmayacaq.

Növbəti məsələ İran olacaq. İkinci şəxsin edam edildiyini gördük. Cümə günü İranın xarici işlər naziri ilə uzun söhbətim oldu. Bu ölüm hökmündən danışdıq. Mən Avropa İttifaqı adından narahatlığımı bildirdim və baş vermiş faktı pislədim. Bu gün biz həm humanitar səbəblərdən, həm də İranın Rusiyaya dəstəyinə görə İrana qarşı sanksiyalardan danışacağıq” – deyə Cozef Borrell açıqlayıb.

Brüsseldə Gürcüstanın xarici işlər nazirinin də iştirak edəcəyi “Şərq Tərəfdaşlığı”nın ministerialı keçiriləcək.