"Condor Airlines" aviaşirkəti Frankfurt-Tbilisi-Frankfurt istiqamətində uçuşlara başlayıb
Gürcüstanın hava bazarında yeni “Condor Airlines” aviaşirkəti fəaliyyətə başlayıb. Gürcüstan Hava Limanları İttifaqı Almaniyanın aviaşirkəti ilə danışıqları uğurla başa çatdırıb.
“Condor Airlines” həftədə iki tezliklə Frankfurt-Tbilisi-Frankfurt istiqamətində müntəzəm uçuşlar həyata keçirəcək. İlk reyslə Gürcüstana 140-a yaxın sərnişin gəlib.
Gürcüstan Hava Limanları İttifaqı, “TAV Georgia” və aviaşirkətin nümayəndələrinin iştirakı ilə Tbilisi Beynəlxalq Hava Limanında ilk inauqurasiya reysi ilə əlaqədar qəbul keçirilib.
“Aviaşirkət ilk reysi Frankfurt-Tbilisi arasında həyata keçirib. Bu reyslər həm birbaşa istiqamətlər baxımından, yəni Frankfurt və Tbilisi arasında böyük sərnişin axınının olması baxımından, həm də transatlantik əhəmiyyət baxımından vacibdir, çünki “Condor” aviaşirkəti Şimali Amerika bazarında kifayət qədər geniş təmsil olunur və müvafiq olaraq gürcü müştərilər “Condor” aviaşirkəti ilə Amerika istiqamətində uça bilmə imkanına malik olacaqlar” -deyə Gürcüstan Hava Limanları İttifaqının Aviasiya Biznesinin İnkişafı üzrə meneceri Vako Chilaşvili bildirib.