Gürcüstanın Müdafiə Qüvvələrinin NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin poliqonunda çoxmillətli komanda-qərargah təliminin – ETERNITY 2024-ün rəsmi açılış mərasimi keçirilib.
Təlimin qərargah və səhra komponentlərində üç ölkənin – Gürcüstan, Türkiyə və Azərbaycanın hərbi qulluqçuları, həmçinin Daxili İşlər Nazirliyinin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin və Gürcüstan Dəmir Yollarının nümayəndələri iştirak edirlər.
Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Cicinadze təlim iştirakçıları qarşısında çıxış edib və təlimin uğurla keçirilməsini arzulayıb. Təlimin ssenarisinə əsasən, Vaziani təlim rayonunda strateji əhəmiyyətli obyektlərin və regionun iqtisadi layihələrinin müdafiəsi oynanılacaq.
ETERNITY 2024 çoxmillətli mühitdə qurumlararası koordinasiya və fövqəladə hallar zamanı kommunikasiyanı təkmilləşdirməyi, eləcə də risklərin idarə edilməsini və qarşılıqlı uyğunluğu artırmağı hədəfləyir.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.