Çinin müdafiə naziri - ABŞ tərəfindən Tayvana silah satışı Çin üçün qırmızı xəttdir, belə hərəkət Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə olduqca səhv mesajlar göndərir
Çinin müdafiə naziri - ABŞ tərəfindən Tayvana silah satışı Çin üçün qırmızı xəttdir, belə hərəkət Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə olduqca səhv mesajlar göndərir

 
Çinin müdafiə naziri, separatçılar və kənar qüvvələrin Tayvanın dinc yolla Çinlə birləşmə perspektivinə zərbə vurduğunu bildirib. Don Cun bu bəyanatı Sinqapurda “Şanqri-La Dialoqu” adı ilə tanınan təhlükəsizlik sammitində çıxışı zamanı verib.

“Qanuna əsasən Tayvanla bağlı məsələlərin həlli Çinin daxili işidir və kənar qüvvələrin müdaxilə etmək hüququ yoxdur. Biz hər zaman sülh yolu ilə birləşməyə sadiq olmuşuq, lakin Tayvanın müstəqillik tərəfdarı olan elementlər və kənar qüvvələr bu perspektivə zərbə vururlar. Milli qarşıdurma təhlükəsi daim mövcuddur”- deyə Çinin müdafiə naziri açıqlayıb.

Çinin yüksək rütbəli hərbi rəsmisi, ABŞ tərəfindən Tayvana silah satışının Çin üçün qırmızı xətt olduğunu deyib.

“Belə hərəkət Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə olduqca səhv mesajlar göndərir və onları daha da aqressiv edir. Biz açıq şəkildə deyirik ki, xarici güclərin əsl vəzifəsi Çini cilovlamaq üçün Tayvandan istifadə etməkdir” – Don Cun açıqlayıb.

Bu çıxışında Çinin müdafiə naziri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına daxil olan dövlətlərin bir hissəsini öhdəliklərini pozmaqda ittiham edib.

“Konkret ölkələr kənar qüvvələrin təhriki ilə ikitərəfli razılaşmalardan çıxdılar, öz öhdəliklərini pozdular, qəsdən problemləri qızışdırdılar, ictimaiyyəti səhvə sürükləmək üçün illüziyalar yaradırdılar, eləcə də region ölkələrinin ümumi maraqlarına məhəl qoymurdular. Onlar Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) nizamnaməsinin iki maddəsini pozdular, regionda strateji raketlərin yerləşdirilməsi üçün kənar güclərlə əməkdaşlıq edirdilər, bu isə regional sabitlik və təhlükəsizliyə ciddi zərbə vurdu. Bu cür hərəkətlər son nəticədə əks nəticə verəcək”- deyə Çinin müdafiə naziri açıqlayıb.