Chiaturalı mədənçilər Gürcüstanın Birinci Kanalının canlı efirində tələbləri ilə bağlı bəyanat veriblər

 

Chiaturalı mədənçilər etiraz aksiyalarını davam etdirirlər. Bu gün onlar Gürcüstan parlamentinin binasından “Georgian Manganese”in baş ofisinə qədər yürüş təşkil ediblər.

Aksiya iştirakçıları Gürcüstanın Birinci Kanalının binasının yaxınlığında olublar, İctimai Yayımçının canlı efirində tələbləri ilə bağlı bəyanat veriblər.

Aksiya iştirakçılarından biri Simon Mikatsadzenin qeyd etdiyi kimi, mədənçilər maaşlarının 20 faiz artırılmasını, həmçinin tibbi sığorta tələb edirlər.

“Biz hər bir mədənçinin layiqli insan hesab edilməsini tələb edirik. 2019-cu ildə də barəsində danışdığımız cüzi tələblərimiz var, şirkət bizi o zaman da aldatdı.Tələblərimiz maaşların 20 faiz artırılması, normal, təmiz şəhər və tibbi sığortadır. Maaşın 5 faiz artırılması bizim üçün qəbuledilməzdir”- deyə o bildirib.

O, etiraz aksiyalarının tələblər yekun şəkildə yerinə yetirilənə qədər davam edəcəyini bildirib.

“Biz yenidən parlamentin yanına qayıdırıq, mandat verdiyimiz, seçdiyimiz insanlar səsimizi eşitməlidirlər. İlk növbədə insanın əmək hüquqları qorunmalıdır” – deyə aksiya iştirakçısı bildirib.

Chiatura mədəninin işçilərinin tətili artıq 15-ci gündür davam edir.

Chiatura mədəninin işçiləri əməkhaqqının 20 faiz artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, əmək təhlükəsizliyi normalarının müdafiəsini, gigiyena şəraitinin və qida məsələlərinin yaxşılaşdırılmasını tələb edirlər. Bəzi mədənçilər bir neçə gün əvvəl aclıq aksiyası elan ediblər. Vasitəçinin iştirakı ilə tətil edənlərlə işəgötürən arasında bir neçə dəfə görüş keçirilsə də, razılıq əldə olunmayıb.

Şirkətin mövqeyinə gəlincə, “Georgian Manganese” şirkətində müəssisənin köhnə iş rejiminə qayıtmaq, əmək haqqını beş faiz artırmaq, audit aparmaq və birgə komissiya yaratmaq qərarını verdiyini açıqlayıblar. Bununla yanaşı, “Georgian Manganese”in baş direktorunun sözlərinə əsasən, böhrandan çıxmağın yollarını tapmağa çalışırlar və şirkətin maliyyə vəziyyətini, maaşın əlavə olaraq 15 faiz artırılması üçün resursların olub-olmadığını öyrənmək məqsədilə müstəqil auditoru dəvət etməyə hazırdırlar. Eyni zamanda, “Georgian Manganese” şirkətində maaşın əlavə olaraq 15 faiz artımının ildə təxminən 10 milyon dollar olduğu açıqlanıb. “Georgian Manganese”in baş direktoru Laşa Tutberidze hazırda Chiaturada ziyanın proqnozlaşdırılan göstəricisinin 12 milyon dollar olduğunu və maaşın 10 milyon dollar artırılması tələbinin məntiqə sığmadığını bildirib.