Cari aydan Ğvareli və Telavi munisipalitetlərində meşənin inventarlaşdırma sahə işlərinə başlanılacaq
Cari aydan Ğvareli və Telavi munisipalitetlərində, ümumilikdə 98 min ha sahədə meşənin inventarlaşdırma sahə işlərinə başlanılacaq, 2024-cü ilə qədər onillik meşə idarəetmə planları hazırlanacaq. Məlumatı Milli Meşə Agentliyi yayır.
Verilmiş məlumatda Milli Meşə Agentliyinin rəhbərlərinin Ğvareli və Telavi munisipalitetlərinin merləri və yerli özünüidarəetmənin nümayəndələri ilə keçirilən görüşündə meşələrin inventarlaşdırılması və torpaqların istifadəsi ilə bağlı məsələlərin müzakirə edildiyi deyilir.
Dövlət meşə inventarlaşdırılması Yaşıl İqlim Fondu (GCF) tərəfindən maliyyələşdirilən- ECO Georgia layihəsi çərçivəsində Milli Meşə Agentliyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında imzalanmış qrant müqaviləsi əsasında həyata keçirilir. Milli Meşə Agentliyinin və Ekoloji İnformasiya və Təhsil Mərkəzinin təlim proqramı çərçivəsində hazırlıqdan keçmiş meşə taksatorları da inventarlaşma prosesinə cəlb olunacaqlar.