İlk iki rüb ərzində bizdə yüksək iqtisadi artım və eləcə də fiskal konsolidasiyanın yüksək göstəricisi qeydə alındı – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
Hökumət başçısı, bütün bunların büdcəni artırmağa imkan verdiyini bildirib.
“Ümumilikdə bu ilin büdcəsini 519 milyon lari artıra bilərik. Biz artıq bu vəsaitin təxmini bölgüsü ilə bağlı müzakirə aparmışıq və düşünürəm ki, bu vəsait belə bölünəcək: Səhiyyə Nazirliyinin büdcəsi 115 milyon artacaq, Müdafiə Nazirliyinə 100 milyon əlavə olunacaq, Təhsil, Elm və Gənclik Nazirliyinə 80 milyon, Mədəniyyət və İdman Nazirliyinin büdcəsi 33 milyon artacaq, Daxili İşlər Nazirliyinə 10 milyon əlavə olunacaq, Regional İnkişaf və İnfrastruktur Nazirliyinə 10 milyon, Xarici İşlər Nazirliyinin büdcəsi 6 milyon artacaq, MSK-ya 3 milyon lari əlavə olunacaq, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirlərinin büdcəsi 60 milyon lari artacaq və munisipalitetlərə əlavə olaraq 102 milyon veriləcək. Bu, təklif olunan bölgüdür, biz gələcəkdə buna uyğun hərəkət edəcəyik”- baş nazir qeyd edib.