Bu gün Brüsseldə İrakli Kobaxidzenin iştirak edəcəyi Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının səkkizinci iclası keçiriləcək
Bu gün Brüsseldə Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının səkkizinci iclası keçiriləcək.
Avropa İttifaqı Şurasının press-relizində qeyd edildiyi kimi, iclas Brüssel vaxtı ilə saat 11:00-da başlayacaq. İclasa Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri Cozef Borrell, Gürcüstan nümayəndə heyətinə isə baş nazir İrakli Kobaxidze rəhbərlik edəcək.
Görüşdən sonra baş nazir İrakli Kobaxidzenin, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell və Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə Avropa komissarı Oliver Varhei ilə birgə mətbuat konfransı keçiriləcək.
“Görüş Gürcüstanın Avropa İttifaqı ilə assosiasiya yoluna, siyasi dialoq və islahatlara, iqtisadi və sektoral əməkdaşlığa, ticarət və onunla əlaqəli məsələlərə, münaqişələrin sülh yolu ilə həllinə həsr olunacaq.
Qapalı görüşdə Avropa İttifaqı və Gürcüstan nümayəndələri xarici və təhlükəsizlik siyasəti, xüsusilə regional məsələlər, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar – bu barədə Avropa İttifaqı Şurasının press-relizində deyilir.
İrakli Kobaxidze baş nazir kimi Brüsseldə ilk səfərindədir.
Səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı NATO-nun baş katibi ilə görüş keçirəcək, həmçinin NATO-Gürcüstan Komissiyasının iclasında iştirak edəcək.