Britaniyanın şəhərlərində miqrasiyaya qarşı genişmiqyaslı zorakı aksiyalara görə ölkə hökuməti təcili görüş keçirib
Britaniyanın şəhərlərində miqrasiyaya qarşı genişmiqyaslı zorakı aksiyalara görə ölkə hökuməti təcili görüş keçirib

 
Britaniyanın şəhərlərində miqrasiyaya qarşı genişmiqyaslı zorakı aksiyalara görə ölkə hökuməti təcili görüş keçirib.

Britaniyanın daxili işlər naziri İvet Koper aksiyalarda iştirak edən və cinayət törətmiş vətəndaşları məsuliyyətlə hədələyib.

“Bəzi şəhərlərimizdə kriminal zorakılıq və quldurluğun biabırçı səhnələrini gördük. Bu cür davranışa bəraət qazandırmaq mümkün deyil; Polisə kərpic atmaq, məscidlərə hücum etmək, dükanları talamaq – bu, tamamilə biabırçı, cinayətkar davranış idi və biz aydın şəkildə deməliyik, qisas olacaq. Bu cinayətkarlar bunun əvəzini ödəyəcəklər. Artıq yüzlərlə insan saxlanılıb. Həmçinin, sosial media ətrafında açıq-aşkar məsələlər var: sosial media həm dezinformasiyanın yayılması, həm də bu zorakılığın təşkili baxımından hərəkət edirdi. Sosial media şirkətləri müəyyən məsuliyyət götürməlidirlər, biz də əmin olmalıyıq ki, onlayn rejimdə cinayət fəaliyyətləri cəzalandırılır. Düşünürəm ki, bu quldur azlığının Britaniya adından danışmadığını heç birimizin unutmaması çox vacibdir” – İvet Koper bildirib.

Məlumat üçün bildirək ki, Böyük Britaniyanın şəhərlərindəki iğtişaşlar Sautportda yetkinlik yaşına çatmamış şəxsin uşaq rəqs məktəbinin təşkil etdiyi tədbirin iştirakçılarına soyuq silahla hücum etdiyi insidentlə əlaqəlidir. Üç azyaşlı qız qətlə yetirilib. Daha səkkiz uşaq yaralanıb.

Cinayətkar 17 yaşlı Kardiffdə doğulmuş Ruanda əsilli gəncdir. Hadisədən sonra Böyük Britaniyanın bir sıra şəhərlərində miqrantlara qarşı etiraz aksiyaları başlayıb.