Böyük Britaniyanın müdafiə naziri - London Ukraynaya qırıcı təyyarələri birbaşa verə bilməz, çünki "MiQ-29" tipli qırıcılara sahib deyil
London Ukraynaya qırıcı təyyarələri birbaşa verə bilməz, çünki “MiQ-29” tipli qırıcılara sahib deyil- bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “BBC”-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda Polşadan Ukraynaya təyyarələrin verilməsi ilə bağlı diskussiya aparılır.
“Böyük Britaniya birbaşa Ukraynaya qırıcı təyyarələr verə bilməz, çünki bizdə bu tip qırıcılar, MiQ-29 və digərləri yoxdur. Fikrimizcə, Ukraynaya dəstək verib-verməmək Polşanın qərar verəcəyi məsələdir” -deyə Ben Uolles bildirib.
Uolles qeyd edib ki, Böyük Britaniya Ukraynanın səmasını bağlamaq ideyasını dəstəkləmir, lakin, o Londonun Ukraynaya hava hücumundan müdafiə vasitələrini verə biləcəyini əlavə edib.
Ben Uollesin də qeyd etdiyi kimi, Rusiya qüvvələri son günlər irəliləyə bilməyiblər. Uollesin sözlərinə görə, onlar buna görə çarəsiz vəziyyətdədirlər. “Nəticədə biz rusların vəhşiliyinin ikiqat artdığını görürük”-deyə Uolles bildirib.
“Müharibənin on üçüncü günü ruslar irəliləyə bilmədilər. Tez-tez barəsində danışdığımız şimaldakı konvoy hələ də bir yerə sıxışıb qalıb. O, irəli gedə bilmir” -deyə Uolles bildirib.
Bununla yanaşı, Böyük Britaniyanın müdafiə naziri Londonun Ukraynaya verəcəyi letal və qeyri-letal silahların sayını artıracağını bildirir. Onun sözlərinə görə, təfərrüatlar Britaniya parlamentinin sabah keçiriləcək iclasında açıqlanacaq.