Böyük Britaniyanın Gürcüstandakı səfirliyi - Birləşmiş Krallıq parlamentdə "Xarici təsir haqqında" qanun layihəsinin sürətləndirilmiş şəkildə qəbul edilməsi ilə bağlı dərin narahatlığını paylaşır
Birləşmiş Krallıq parlamentdə “Xarici təsir haqqında” qanun layihəsinin sürətləndirilmiş şəkildə qəbul edilməsi ilə bağlı müttəfiqlərimizin və tərəfdaşlarımızın dərin narahatlığını paylaşır-bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
“Qəbul olunacağı təqdirdə təklif olunan qanun Gürcüstanın dostları və strateji tərəfdaşlarının Gürcüstanın demokratik və iqtisadi inkişafına dəstəyi davam etdirməsinə mane olacaq.
Nüfuzlu siyasətçilərin ictimai bəyanatlarından görünür ki, bu qanun donorların dəstəyinə mane olmaq və qanuni vətəndaş cəmiyyətinin fəaliyyətini boğmaq məqsədi daşıyır, bu, tərəfdaş ölkədən gözlədiyimiz ümumi dəyərlərə və beynəlxalq standartlara münasibətdə götürülmüş öhdəliklərə ziddir, Gürcüstanın Avro-Atlantik inteqrasiyaya dair bəyan edilmiş istəyinə qarşı çıxır.
Biz Gürcüstanın hakim gücünü sözügedən qanun layihəsi üzərində işləməyə davam etməzdən əvvəl vətəndaş cəmiyyətinin, müstəqil medianın və beynəlxalq tərəfdaşların narahatlıqlarını nəzərə almağa çağırırıq”-deyə bəyanatda qeyd olunub.