Böyük Britaniyanın Baş naziri İranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb
Böyük Britaniyanın Baş naziri İranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb

 
Böyük Britaniyanın Baş naziri Kir Starmer İranın Prezidenti Masud Pezeşkiyan ilə telefon danışığında İranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb. Bu haqda məlumatı “BBC” yayır.

Medianın məlumatına əsasən, Kir Starmer Masud Pezeşkiyana deyib ki, müharibə heç kimin marağında deyil və “indi sakitliklə və diqqətlə müzakirə vaxtıdır”.

Böyük Britaniyanın lideri İranın Prezidenti ilə söhbət zamanı Yaxın Şərqdə mövcud vəziyyətdən çox narahat olduğunu qeyd edib və sonrakı regional qarşıdurmanın qarşısını almaq üçün bütün tərəfləri gərginliyi azaltmağa çağırıb.

“BBC”nin məlumatına əsasən, söhbət 30 dəqiqə davam edib və Böyük Britaniyanın sabiq lideri Boris Consonun Həsən Rohani ilə danışdığı 2021-ci ilin martından sonra bu, Böyük Britaniyanın Baş naziri ilə İranın Prezidenti arasında ilk telefon danışığı olub.