Böyük Britaniyada 16 yaşdan aşağı şəxslər üçün sosial medianın istifadəsinə qadağa 2027-ci ilin yazına qədər qüvvəyə minəcək
Keir Starmer-i bəyan edib ki, 16 yaşdan aşağı şəxslərə sosial medianın istifadəsi qadağan ediləcək.
Starmer qeyd edib ki, qaydalar Miladdan əvvəl qəbul olunacaq, qadağa isə 2027-ci ilin yazında qüvvəyə minəcək.
Böyük Britaniyanın baş naziri bildirib ki, bu qərar asan deyil, lakin zəruridir. Onun sözlərinə görə, hökumət seçim qarşısındadır və onun fikrincə, tam qadağa düzgün addımdır.
Starmer iki uşaq atası kimi sosial media ilə bağlı valideynlərin narahatlığını yaxşı başa düşdüyünü də deyib.
“Doğrudanmı inanırıq ki, sosial media uşaqlarımız üçün xoşbəxt mühit yaradır? Doğrudanmı bunun onlar üçün təhlükəsiz məkan olduğunu düşünürük?” – deyə o bildirib və bu sualın cavabının aydın olduğunu qeyd edib.
Onun sözlərinə görə, sosial media uşaqları bədbəxt edir, bullinqi artırır və psixi sağlamlığa mənfi təsir göstərir. Baş nazir həmçinin alqoritmlərin uşaqları asılı vəziyyətə salmaq üçün qurulduğunu deyib.
Starmer bildirib ki, sosial media uşaqların təhsilinə, dostları ilə ünsiyyətinə və yuxusuna mane olur və bu da onların inkişafına zərər vurur.
O əlavə edib ki, qadağanın tətbiqi həm qanunvericilik, həm də icra baxımından çətin olacaq. Onun sözlərinə görə, oyun platformaları kimi istisna olunan xidmətlərdə isə uşaqların yad insanlarla söhbət etməsinin qarşısı alınacaq.
“Bu, uşaqlarımızı daha xoşbəxt edəcək. Biz onlara daha çox vaxt, daha çox təhlükəsizlik, daha çox azadlıq və daha çox imkan verəcəyik. Nəticədə bu hökumətin məqsədi də budur,” – deyə Starmer bildirib.