Borcomi Munisipalitetində açıq yanğın ocaqları hələ də qalmaqdadır
Borcomi Munisipalitetində açıq yanğın ocaqları hələ də qalmaqdadır

 

Borcomi Munisipalitetində yanğının qarşısının alınması işləri aparılır. Müxtəlif mürəkkəblikdə yanğın ocaqları hələ də qeydə alınmaqdadır.

Daxili İşlər Nazirliyi tərəfindən yayılan məlumatda, yanğınsöndürmə əməliyyat rayonunun üç sektora bölündüyü və hər üç sektorda aktiv lokallaşdırma və söndürmə işlərinin aparıldığı deyilir. Yanğın ocaqlarına qədər getmək üçün ağır texnika və traktorlardan istifadə edilməklə intensiv şəkildə yol salınır. Xilasedicilər həm fərdi avadanlıq, həm də yanğınsöndürən çənlərin köməyi ilə yanğının söndürülməsi tapşırıqlarını yerinə yetirirlər.

“Baş nazir İrakli Ğaribaşvilinin tapşırığına əsasən Daxili İşlər, Müdafiə, Regional İnkişaf və İnfrastruktur və Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirliklərinin müvafiq xidmətlərinin əməkdaşları Borcomi Munisipalitetində baş vermiş yanğının söndürülməsi məqsədilə koordinasiyalı şəkildə yanğınsöndürmə işlərini həyata keçirirlər. Hazırda 1200-ə yaxın insan müxtəlif işlərə cəlb olunub.
Yanğının söndürülməsində 300 yanğınsöndürən-xilasedici və Xüsusi Tapşırıqlar Şöbəsinin 300 əməkdaşı iştirak edir. Sərhəd polisinin helikopterləri hələ də yanğının söndürülməsində iştirak edir və müvafiq yanğın-xilasetmə texnikası səfərbər olunub. Dronlarla yanğının monitorinqi aparılır”-deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bölgədə daxili işlər nazirinin müavini İoseb Chelidze və Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin rəhbərlik etdiyi Operativ İdarəetmə Qərargahı fəaliyyət göstərir.