Bolqarıstanın parlamenti Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini dəstəklədiyi bəyannaməni qəbul edib
Bolqarıstanın parlamenti Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusunun verilməsini dəstəkləyir-bu barədə xarici işlər naziri İlia Darçiaşvilinin Sofiya şəhərinə səfəri zamanı Bolqarıstanın qanunverici orqanı tərəfindən səs çoxluğu ilə qəbul edilmiş müvafiq bəyannamədə deyilir. Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.
Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda bəyannamənin iki keçmiş baş nazir tərəfindən irəli sürüldüyü və koalisiyadakı hər iki partiya tərəfindən dəstəkləndiyi deyilir.
“Bəyannamə gürcü xalqının tarixi seçiminə əsaslanan və ölkənin təhlükəsizliyinin əlavə təminatı olacaq Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasını qətiyyətlə dəstəkləyir. Sənəddə Gürcüstanın geosiyasi seçimlərinə geniş ictimai dəstəyin bu ölkənin Avropaya inteqrasiyasını alternativsiz etdiyi deyilir.
Bundan əlavə, bəyannamə Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalını pisləyir.
Sənəddə Bolqarıstan tərəfi bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qəti dəstəyini ifadə edir və Gürcüstanın Cənubi Qafqaz və Qara dəniz regionunda mühüm tərəfdaş ölkə kimi rolunu vurğulayır.
Bəyannamədə Bolqarıstanın xüsusilə Qara dəniz regionunda mövcud təhlükəsizlik mühitini nəzərə almaqla, sabit və uğurlu qonşulara xüsusi önəm verdiyi qeyd olunur.
Bununla yanaşı, Bolqarıstan demokratik islahatların həyata keçirilməsi yolunda Gürcüstanı dəstəkləməyə hazır olduğunu bildirir”- məlumatda deyilir.