Bolqarıstanda Rusiyayönlü “Dirçəliş” partiyasının lideri bildirib ki, ölkə Avropa İttifaqını tərk etməli və “BRİCS”in üzvü olmalıdır
Bolqarıstanda Rusiyayönlü “Dirçəliş” partiyasının lideri bildirib ki, ölkə Avropa İttifaqını tərk etməli və “BRİCS”in üzvü olmalıdır

 
Bolqarıstanın radikal Rusiyayönlü partiyası ölkənin Avropa İttifaqını tərk etməsini və “BRİCS”ə üzv olmasını istəyir. Sentyabrın 4-də “Dirçəliş” partiyası ölkənin Avrozonaya üzvlüyünün 2043-cü ilə qədər təxirə salınması ilə bağlı referendumun keçirilməsini tələb edib, lakin sosialist, populist və Avropayönlü partiyalar tərəfindən onların bu tələbi rədd edilib. “Dirçəliş” partiyasının lideri Kostadin Kostadinov Bolqarıstanın NATO və Avropa İttifaqından çıxmalı olduğunu bildirib.

“Gələcəyimizin olmasını istəyiriksə, bizim yerimiz bu zülmkar strukturlarda deyil. Bunlar Avropa İttifaqı və NATO-dur. Avropa İttifaqında islahatlar aparılmasa, biz onu tərk etməliyik, çünki onunla birlikdə ölməməliyik”- partiyanın lideri bildirib.

Eyni partiyadan olan digər deputat Tsonço Qanev bildirir ki, bolqarlardan Avrozonaya daxil olmaq istəyib-istəmədiklərini soruşmaq lazımdır. Qanev, “BRİCS” klubunun Qərb ölkələri ilə müqayisədə daha zəngin olduğunu və məhz bu səbəbdən referendumun keçirilməsinin Avropayönlü partiyalarda qorxu yaratdığını deyib. Parlamentdə çıxışı zamanı isə deputat onu da qeyd edib ki, bolqar xalqı bu cür qərarlar qəbul etməkdə səriştəlidir və Avropayönlü partiyalar bunu şübhə altına almamalıdırlar.

“Bu referendumla Bolqarıstana zərər verməyə cəhd etdiyinizə dair bir şübhə var” – Avropayönlü koalisiyanın üzvü Martin Dimitrov cavab verib.

Bolqarıstanın hədəfi ölkənin ən geci 2025-ci ilin ortalarına qədər Avrozonaya daxil olmasıdır, hərçənd mütəxəssislərin əksəriyyəti ölkədəki mövcud siyasi böhran fonunda, 2026-cı ilin 1 yanvar tarixinin ən real olduğunu bildirir.