BMT-nin ekspert qrupu ölkələri Fələstini tanımağa çağırır
BMT-nin ekspert qrupu ölkələri Fələstini tanımağa çağırır

BMT-nin ekspertlər qrupu ölkələri Yaxın Şərqdə sülhü təmin etmək üçün Fələstin dövlətini tanımağa çağırır.

BMT-nin Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə məruzəçisi də daxil olmaqla ekspertlər Fələstinin bir dövlət kimi tanınmasının Fələstin xalqının hüquqlarının, onun azadlıq və müstəqillik uğrunda mübarizəsinin tanınması baxımından əhəmiyyətli olacağını bildirirlər.

“Bu, Fələstində və bütün Yaxın Şərqdə davamlı sülhün, o cümlədən Qəzzada dərhal atəşkəsin əldə olunması və Rəfahda növbəti hərbi əməliyyatın dayandırılması üçün ilkin şərtdir”. İki dövlətli həll Fələstin və İsrail üçün sülh və təhlükəsizliyə gedən yolda yeganə beynəlxalq razılaşma olaraq qalır. Həmçinin bu, nəsildən-nəslə keçən zorakılıq və qəzəbə son qoyacaq”, – ekspertlər deyir.

“Reuters”in yazdığına görə, İsrail Xarici İşlər Nazirliyi bununla bağlı şərh verməyib.

Xatırladırıq ki, mayın 28-də İspaniya, İrlandiya və Norveç İsrail tərəfindən tənqid edilən Fələstin dövlətini rəsmən tanıyıb.