BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid Gürcüstana səfər edəcək
BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid Gürcüstana rəsmi səfər edəcək. Bu, BMT Baş Assambleyası prezidentinin Gürcüstana ilk səfəri olacaq.
Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda, səfər çərçivəsində BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidentinin Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Ğaribaşvili, parlamentin sədri Şalva Papuaşvili və xarici işlər naziri İlia Darçiaşvili ilə görüşlər keçirəcəyi deyilir. Xarici işlər naziri ilə görüşdən sonra tərəflər birgə bəyanatlarla çıxış edəcəklər.
BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Gürcüstanda olarkən işğal xəttini ziyarət edəcək, Tserovani kəndindəki məcburi köçkünlərin yaşayış məntəqəsinə baş çəkəcək, işğal nəticəsində yaranmış vəziyyət və məcburi köçkünlərin vəziyyəti ilə yerindəcə tanış olacaq.
“Bununla yanaşı, BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Ədliyyə Evini ziyarət edəcək , dövlət xidmətlərinin göstərilməsinin mövcud modeli və Gürcüstanın “Açıq İdarəçilik Tərəfdaşlığı” təşəbbüsü çərçivəsində həyata keçirdiyi və sabit inkişaf hədəflərinə çatma prosesində mühüm rol oynayan islahatlarla tanış olacaq.
Abdulla Şahid həmçinin BMT-nin Gürcüstandakı ofisini ziyarət edərək BMT proqramında iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək”- deyə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirlik tərəfindən verilən məlumatda, səfər çərçivəsində BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidentinin, regionun iqtisadi və turizm potensialı ilə tanış olmaq məqsədilə Kaxeti bölgəsinə səfər edəcəyi bildirilir.