BMT Baş Assambleyası Gürcüstanın işğal olunmuş regionlarından məcburi köçkün düşmüş şəxslərin və qaçqınların statusu ilə bağlı qətnaməni 107 səslə qəbul edib
BMT Baş Assambleyası “Gürcüstanın Abxaziya və Tsxinvali regionundan/Cənubi Osetiyadan məcburi köçkün düşmüş şəxslərin və qaçqınların statusu haqqında” qətnaməni qəbul edib.
Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, Gürcüstanın təqdim etdiyi qətnamə 2026-cı il sessiyasında 107 ölkənin dəstəyini qazanıb.
Gürcüstanın BMT-dəki səfiri David Bakradze Baş Assambleyada çıxışı zamanı bildirib ki, qətnamə layihəsinin əsas məqsədi etnik təmizləmə nəticəsində doğma evlərini tərk etməyə məcbur olmuş qaçqınların və məcburi köçkünlərin ağır humanitar vəziyyətini beynəlxalq ictimaiyyətin diqqətində saxlamaqdır.
Diplomat qeyd edib ki, yüz minlərlə insan Gürcüstanın işğal olunmuş regionları olan Abxaziya və Cənubi Osetiya ərazilərindən məcburi şəkildə köçkün düşüb. Onun sözlərinə görə, qətnamə onların geri qayıtmaq hüququnun, mülkiyyət hüquqlarının qorunmasının və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayır.
David Bakradze bildirib ki, qətnamə ilk dəfə 2008-ci ildə qəbul edildikdən sonra beynəlxalq dəstək davamlı şəkildə artıb. Hazırda sənəd dünyanın müxtəlif regionlarını təmsil edən BMT-yə üzv 67 dövlət tərəfindən həmmüəllif qismində dəstəklənir ki, bu da beynəlxalq hüququn fundamental prinsiplərinə ümumi sadiqliyin göstəricisi hesab olunur.