"Bloomberg" - Gürcüstan, macəra hisslərini geri qaytaracaq yer
"Bloomberg" - Gürcüstan, macəra hisslərini geri qaytaracaq yer

 

Milli Turizm Administrasiyasının yeni marketinq kampaniyası çərçivəsində “Bloomberg” Gürcüstanın turizm potensialı haqqında məqalə dərc edir.

“Gürcüstan – macəra hisslərini geri qaytaracaq yer” – bu başlıqla “Bloomberg” oxucuları Gürcüstanın macəra turizm məhsulları, gürcü mətbəxi və şərabı ilə tanış edir.

“Səyahətçilər Avropanın yaxşı bələd olduqları turizm marşrutlarından kənarda yeni istiqamətlər axtarırlar, Gürcüstan ziyarətçilərə il boyu davam edən macəralar təklif edir. Yaxşı xəbərləri səssiz buraxmaq çətindir. 2013-2019-cu illərdə Gürcüstanda turistlərin sayı 66 faiz artıb. Pandemiyadan əvvəl beynəlxalq səfərlərin sayı 9,3 milyona çatıb, Gürcüstanın əhalisi isə 3,7 milyona yaxındır. Gürcüstana 53 şəhərdən birbaşa uçuşlar var.

Bəzi ölkələrdə turistlərin sayının artması turizm məkanlarının həddindən artıq sıxlaşmasına səbəb olub. Venesiya, Amsterdam və Barselona kimi istiqamətlər turistlərlə doludur, bu baxımdan Gürcüstan nisbətən kəşf olunmamış ölkədir.

“Bloomberg”in son araşdırmasına əsasən, respondentlərin 61 faizi yeni turizm məkanını ziyarət etməyi planlaşdırır. Respondentlərin yarıdan çoxu yeni macəra axtarır, yeni mədəniyyət və mətbəxlə tanış olmaq istəyir. 50 faizi isə təbiətə yaxın olmaq istəyir.

Gürcüstan arzuolunan bu tələblərə cavab verəcək ən yaxşı yerdir. Ölkənin böyük qonaqpərvərlik mədəniyyətinə görə səyahətçilər səmimi qarşılanma gözləyirlər. Gürcülər üçün qonaq Tanrının hədiyyəsidir” – deyə Milli Turizm Administrasiyasının tərcüməsini yaydığı “Bloomberg”in məqaləsində deyilir.

Məqalədə Gürcüstanın təbiəti, YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri, dəniz və dağ kurortları, mətbəxi və 8000 illik şərab tarixi ətraflı təsvir olunub.

Milli Turizm Administrasiyası tərəfindən verilən məlumatda dünyanın ən nüfuzlu media platformalarından biri olan “Bloomberg”in Gürcüstanın turizm potensialı ilə bağlı iki videoçarx hazırladığı deyilir. Kampaniya çərçivəsində sosial şəbəkələrdə (Facebook, Twitter, Instagram) yerləşdiriləcək üç məqalə hazırlanır.