"Bloomberg" - ABŞ Polşadan Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı bəyanatına aydınlıq gətirməsini xahiş edir
"Bloomberg" - ABŞ Polşadan Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı bəyanatına aydınlıq gətirməsini xahiş edir

“Bloomberg” xəbər verir ki, ABŞ Polşadan Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı verdiyi bəyanata aydınlıq gətirməsini xahiş edir. Bu barədə nüfuzlu agentliyə “Bloomberg”in adını açıqlamadığı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli məmuru məlumat verib.

Onun sözlərinə görə, Varşavanın dəqiq mövqeyi bəlli olmasa da, Polşa Ukraynanı dəstəkləməyə sadiqdir. O, həmçinin əlavə edir ki, Kiyev və Varşava arasındakı fikir ayrılıqları hələ ki, Ukraynaya kömək edən koalisiyada parçalanmaya səbəb olmayıb.

“Bloombergin” yazdığına əsasən, Polşanın Ukraynaya dəstəyini itirməsi Ukraynanın hərbi kampaniyası üçün fəlakətli ola bilər, çünki bu, NATO-nun birliyini pozacaq.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Polşanın baş naziri Mateuş Moravetski bildirmişdi ki, indiki mərhələdə Varşava artıq Kiyevi silahla təmin etmir və bütün diqqətini öz ordusunun yenidən silahlanmasına yönəldir. Bu açıqlama Polşa ilə Ukrayna arasında taxılla bağlı davam edən mübahisə fonunda verilib. Polşa bəyan edir ki, öz fermerlərinin maraqlarını qorumaq üçün ucuz Ukrayna kənd təsərrüfatı məhsullarının Polşaya idxalına icazə verməyəcək.