Gürcüstan Müdafiə Nazirliyinin Təhsil və Elm Nazirliyi ilə birgə həyata keçirdiyi “Bizim Ordumuz” layihəsi yeni tədris ilinin başlaması ilə yenilənib.
Bu il layihənin miqyası genişlənib və 2023-2024-cü illərdə o, Gürcüstanda mövcud olan 1024 dövlət, 119 özəl məktəb və ali təhsil müəssisəsini əhatə edəcək.
Hərbi qulluqçular Tbilisidəki 221 saylı dövlət məktəbində olub, yuxarı sinif şagirdlərinə müdafiə qüvvələri haqqında təqdimat ediblər. Layihə çərçivəsində hərbi qulluqçular tələbələrə Gürcüstanın hərb tarixi, əsgərlik peşəsi, yeni müdafiə məcəlləsi, Gürcüstan Müdafiə Qüvvələrinin prioritetləri və məqsədləri barədə danışıblar. Şagirdlər Gürcüstanın milli qəhrəmanları haqqında da məlumat əldə ediblər. Görüş sual-cavab rejimində davam edib.
“Bizim Ordumuz” layihəsi 2018-ci ildən Tbilisi və regionların dövlət məktəblərində həyata keçirilir, 2023-cü ildən isə ali təhsil müəssisələrini əhatə etdi. Layihənin məqsədi gəncləri ordu haqqında maarifləndirmək və onlar arasında vətənpərvərlik ruhunu dərinləşdirməkdir.
Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Müəllif -
Mehemmed Bayramaliyev