Birləşmiş Millətlər Təşkilatı Rusiyanı təcavüz nəticəsində Ukraynaya vurduğu ziyanı ödəməyə çağıran qətnamə qəbul edib, Gürcüstan da bu qətnaməni dəstəkləyənlər arasındadır
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiyanı təcavüz nəticəsində Ukraynaya vurduğu ziyanı ödəməyə çağıran qətnamə qəbul edib . Qətnamənin lehinə BMT Baş Assambleyasının 94 üzvü, o cümlədən Gürcüstan səs verib, 14-ü əleyhinə səs verib, 74-ü isə bitərəf qalıb.
Qətnamə layihəsi Ukrayna tərəfindən irəli sürülüb və onlarla ölkə sənədin həmmüəllifi olub.
Sənəddə bildirilir ki, Rusiya Ukraynada və ona qarşı beynəlxalq hüququn, eləcə də beynəlxalq humanitar hüququn və insan haqlarının bütün pozuntularına görə məsuliyyət daşımalıdır.
Qətnamənin tərəfdarları Rusiyanın hərəkətləri nəticəsində dəymiş ziyan, itki və zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasının zəruriliyindən danışırlar. Belə ki, sənəddə BMT üzvləri tərəfindən zərərin beynəlxalq reyestrinin yaradılması ilə bağlı tövsiyə yer alıb.