Birinci sinif şagirdlərinin ümumi qeydiyyatı bu gün saat 09:00-dan başladı və iyunun 13-ü də daxil olmaqla davam edəcək. Qeydiyyat təhsilin idarə edilməsi informasiya sisteminin rəsmi internet saytında – registration.emis.ge.-də aparılacaq.
Təhsil Nazirliyinin məlumatında, uşağın sistemdə qeydiyyatının valideyn və ya qanuni nümayəndə tərəfindən təmin edildiyi deyilir.
“Məktəblərdə iyunun 14-dən iyunun 25-i də daxil olmaqla elektron şəkildə qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün lazımi sənədlərin təqdim olunması prosesi aparılacaq. Müəyyən edilmiş müddətdə sənədin təqdim edilməməsi halında, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.
Birinci sinfə şagird qəbulu üçün sənədlər:
şagirdin qanuni nümayəndəsinin ərizəsi, ərizə qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqda məlumatı əhatə etməli və Gürcüstanın Ümumi İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə cavab verməlidir, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsi və Gürcüstanda yaşamaq üçün icazəni təsdiqləyən sənədin surəti (olduğu təqdirdə). Sənədlərin xarici dildə təqdim edilməsi halında, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi sənədə əlavə edilməlidir.
Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və Gürcüstanda yaşamaq üçün icazəni təsdiqləyən sənədin surəti (olduğu təqdirdə). Sənədlərin xarici dildə təqdim edilməsi halında, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi sənədə əlavə edilməlidir.
Birinci siniflərdə mövcud yerlərin sayını yoxlamaq üçün linkə daxil olun: skolebi.emis.ge
Birinci sinif şagirdlərinin ümumi qeydiyyat təlimatlarına burada baxın: elfiles.emis.ge
Xatırladaq ki, Gürcüstanın təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvarinin qərarına əsasən, Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa məktəb yaşı ilə bağlı dəyişiklik daxil edilib. Konkret olaraq, 2024-2025-ci tədris ilində dekabrın 1-dək 6 yaşı tamam olacaq uşaqlar I sinif üzrə qeydiyyatdan keçə biləcəklər.
Dəyişikliyə əsasən, uşağın hazırlığı və onun mənafeyi nəzərə alınmaqla, tədris ilinin başlamasının növbəti günündən dekabrın 1-dək anadan olmuş şəxslərin valideynləri və ya qanuni nümayəndələri seçim etmək hüququna malikdirlər: məktəbəqədər təhsili və məktəbə hazırlıq proqramına qoşulmaqla təhsil xidmətindən yararlanmağa davam etsinlər və ya birinci sinif şagirdləri kimi qeydiyyatdan keçsinlər.
Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi uşağı vaxtında və ləngimədən məktəbə yazdırmaq üçün valideynləri qeydiyyatın müddət və şərtləri ilə diqqətlə tanış olmağa çağırır” – Təhsil Nazirliyinin məlumatında qeyd olunub.