Bidzina İvanişvili bəyanat yayır
Bidzina İvanişvili bəyanat yayır

 

“Gürcü Arzusu” partiyasının qurucusu, Bidzina İvanişvili bəyanat yayır, bəyanatı heç bir dəyişiklik olmadan təqdim edirik :

“İlk növbədə, Avropa dəyərlərinə sadiqliyini dəfələrlə sübut etmiş gürcü cəmiyyətinə yönəlik bir daha dərin ehtiramımı bildirmək istəyirəm. Müstəqilliyin bərpasından 30 il sonra gürcü xalqı ləyaqət, azadlıq və müstəqilliyin onun üçün ən vacib dəyərlər olduğunu bir daha göstərdi. Bununla yanaşı, gürcü cəmiyyəti qısa demokratik təcrübəsinə baxmayaraq, ən çətin problemlərin öhdəsindən layiqincə gəlmək üçün müdrikliyə malik olduğunu hər kəsə sübut etdi .

Siyasətdən getməklə bağlı qərarımı ictimaiyyətə açıqlamağımdan artıq il yarım ötür və o vaxtdan öz qərarıma tam əməl edirdim və edirəm. Bütün bu müddət ərzində mənim adımdan heç kimə spekulyasiya etmək imkanı verməmək üçün yeganə ictimai bəyanat dərc etmişəm. Siyasi proseslərə nəyinki mənim, heç şəxsi amilimin təsir etməsini belə istəzmədim və ictimai məkandan tam uzaqlaşmağımın səbəbi məhz bu olub və indi də belədir.

Eyni zamanda, bu ölkənin övladı və pərəstişkarlarından biri kimi təbii ki, Gürcüstandakı cari hadisələri bütün diqqətimlə izləyirəm. Regionda olduqca ağır siyasi vəziyyət fonunda Gürcüstan və onun hakim komandası ötən aylar ərzində olduqca ağrılı proseslərdən keçməli oldu və hələ də keçir. Müəyyən qüvvələrin fəal şəkildə Gürcüstanı müharibəyə sürükləməyə çalışması Gürcüstan və onun hakimiyyəti üçün vəziyyəti olduqca ağırlaşdırır və onların bu istəyi və məramı təəssüf ki, bu gün də aktualdır.

Olduqca böyük çətinliklərə baxmayaraq, hakim komanda düzgün işlədi, doğru və prinsipial mövqe tutdu və əsas çətinliyin, müharibə təhlükəsinin birinci mərhələsi artıq keçilib. Bu səylər sayəsində Gürcüstanın müharibəyə cəlb olunma təhlükəsi hazırda maksimal şəkildə neytrallaşdırılıb. Lakin, buradaca qeyd etmək istərdim ki, Ukraynada müharibə bitənə qədər müəyyən risklər hələ də qalmaqdadır və Gürcüstanın bu ölümcül müharibəni dəf etməsi üçün hakimiyyət, eləcə də ictimaiyyət son dərəcə ehtiyatlı olmalıdır.

Eyni zamanda, bu gün, bilavasitə müharibə təhlükəsinin maksimal şəkildə neytrallaşdırılması fonunda, fikrimcə hakim komandanın diqqətini böyük ölçüdə daha bir vacib prioritetə ​​yönəltmək və Gürcüstanın strateji tərəfdaşı Amerika Birləşmiş Ştatları və Avropa Birliyi ilə münasibətlərin zərər görməməsi üçün qayğı göstərmək imkanı var.

İsveçrə bankı ilə münasibətlərdə yaranmış və bu gün də aktuallığını qoruyub saxlayan şəxsi problemimə gəlincə, bunun Gürcüstanda gedən proseslərlə birbaşa əlaqəsi olması düşüncəsindəyəm. Lakin, Gürcüstanın çətin vəziyyətdən praktiki olaraq çıxdığına və birbaşa müharibə təhlükəsinin keçdiyinə görə, İsveçrə bankı ilə aramdakı münasibəti şəxsi problemim kimi qoymağa və bu problemlə ictimaiyyətin başını qatmamağa üstünlük verirəm. İsveçrə bankı tərəfindən dayandırılmış vəsaitləri – şəxsi məqsədlər üçün və ya ictimai ehtiyaclar üçün xərcləməyi  planlaşdırdığımın fərqi yoxdur . Bank tərəfindən yaradılmış problemlərin cəmiyyət tərəfindən şəxsi problemim olaraq görülməsinə üstünlük verərdim. Bu məsələ ilə bağlı vəkilim nisbətən ətraflı açıqlama verib və gələcəkdə də verəcək.

Mənim üçün ən vacibi Gürcüstanın nəhayət ki, ən çətin vəziyyətdən layiqincə çıxa bilməsi və sülhü qoruya bilməsidir, şəxsi məsələmə isə özüm qayğı göstərəcəyəm və bu problemlə cəmiyyəti həddən artıq yükləməyə çalışmayacağam.

Sonda, Ukraynada müharibə başlayandan sonra mən və Amerika səfiri arasında görüşün keçirilməsi ilə bağlı ictimai sual ünvanlanmasından irəli gələrək, ictimaiyyətə belə bir görüşün səfirin xahişi ilə martın 21-də həqiqətən baş tutması və təxminən üç saat davam etməsini açıqlamaq istərdim”-deyə Bidzina İvanişvilinin bəyanatında deyilir.