Beynəlxalq Qara Dəniz Universitetində media mərkəzi açılıb
Beynəlxalq Qara Dəniz Universitetində media mərkəzi açılıb

 

Beynəlxalq Qara Dəniz Universitetində (İBSU) jurnalistika və kütləvi kommunikasiya fakültəsi tələbələrinin praktiki fəaliyyətlə məşğul ola biləcəyi media mərkəzi açılıb.

Redaksiya otağı, nyus otağı, tele və radio studiyaları əhatə edən media mərkəzi studiya və sahə videokameraları, montaj kompyuterləri və digər zəruri stasionar avadanlıqlarla təchiz olunub.

Beynəlxalq Qara Dəniz Universitetinin rektoru, doktor Saffet Bayraktuthan media mərkəzinin tələbələrin məhsuldarlığının artırılmasına kömək edəcəyini, maraqlı verlişlərin yazılacağını, reportajlar, sujetlər və müsahibələr hazırlanacağını bildirib. Həm jurnalistika fakültəsinin tələbələri, həm də media texnologiyaları ilə maraqlanan digər proqramların tələbələri media mərkəzində praktiki təcrübə qazana biləcəklər.

Media mərkəzinin açılışına dəvət olunmuş qonaqlar arasında Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili, “Palitra” Holdinqin direktoru Qiorqi Tevdoraşvili, “Portuna” Radio Holdinqin baş direktoru Tamar Çiqoqidze, Birinci Kanalın Qəyyumlar Şurasının üzvü Bondo Mdzinarişvili, aktiv jurnalistlər və proqramın məzunları da olub.

Beynəlxalq Qara Dəniz Universiteti media mərkəzinə 100.000 laridən çox sərmayə qoyub. İBSU-da jurnalistika üzrə bakalavr proqramı 2014-cü ildə fəaliyyətə başlayıb. 2020-ci ildən isə ABŞ-ın Loyola Universitetinin Doktorantura və Magistratura Məktəbinin rəhbəri Rişel Rocersin mentorluğu ilə hazırlanmış “Rəqəmsal Media və Kommunikasiya” magistr proqramı akkreditasiya alıb.

Hazırda, İBSU-nun Jurnalistika və Kütləvi Kommunikasiyalar fakültəsinin həm bakalavr, həm də magistr pillələrində 100-dən çox məzunu və 120-yə yaxın aktiv tələbəsi var.