Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin mütəxəssisləri skrininq mərkəzinin fəaliyyəti ilə tanış olublar
Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin missiyasının nümayəndələri Milli Skrininq Mərkəzində olublar. Onkologiya məsələləri üzrə çalışan mütəxəssislər – Andre Karvalo və Olqa Trusova mərkəzin fəaliyyəti ilə yerindəcə tanış olublar.
Tbilisi meriyasının mətbuat xidməti tərəfindən verilən məlumatda, skrininq mərkəzinin direktoru Eter Kiğuradze və tibb xidmətinin rəhbəri Tamar Sxirtladzenin qonaqlara mərkəzin işinin xüsusiyyətləri, skrininq proqramları və gələcək planlar barədə məlumat verdikləri deyilir.
Beynəlxalq ekspertlərlə görüşdə skrininq mərkəzinin inkişaf perspektivlərindən, müasir metodlardan və innovativ yanaşmalardan istifadədən danışılıb. Həmçinin, Milli Skrininq Mərkəzinin tibb xidmətinin rəhbərinin Fransada Xərçəng Araşdırmaları üzrə Beynəlxalq Agentliyə səfəri əsasında planlaşdırılan uşaqlıq boynu və süd vəzilərinin skrininqinin inkişafı üçün nəzərdə tutulan iki yeni layihəyə xüsusi diqqət yetirilib.
“Mən şadam ki, “Çəhrayı Oktyabr” çərçivəsində yerindəcə skrininq proqramlarının gedişatı ilə tanış olmaq, xərçəngin skrininq komponentini müşahidə etmək üçün Gürcüstandayıq. Əməkdaşlığımız skrininq mərkəzinin nümayəndəsinin Liona səfəri zamanı başlayıb. İndi biz vəziyyətlə yerindəcə tanış olmaq və skrininq mərkəzinə proqramın keyfiyyətini yaxşılaşdırmaq və miqyasını daha da artırmaqda kömək etmək üçün əməkdaşlığımızı davam etdirməyə gəlmişik” – deyə Andre Karvalo bildirib.
Eter Kiğuradze isə qurumun Milli Skrininq Mərkəzinin inkişafına dəstək verməyə hazır olmasının onlarla əməkdaşlığı daha da dərinləşdirəcəyini və xərçəng skrininq proqramını inkişaf etdirəcəyini bildirib.
Gürcüstana səfərləri çərçivəsində beynəlxalq ekspertlər Milli Skrininq Mərkəzi və Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin təşəbbüsü ilə həyata keçiriləcək birgə layihələrdə iştirak edəcək tibb müəssisələrində də olublar.
Səfərin sonunda Milli Skrininq Mərkəzinin rəhbərliyinin nümayəndələri ilə yekun görüş keçirilib, iki yeni layihənin həyata keçirilməsinin növbəti mərhələləri və tədbirlər planı müzakirə edilib.
“Birgə layihələrdən biri süd vəzisi və uşaqlıq boynu xərçənginin gec mərhələdə aşkarlanması faktorlarının, həmçinin xərçəngə qarşı mübarizə strategiyalarının təkmilləşdirilməsi üçün vacib olan gecikmiş müalicənin determinantlarının öyrənilməsini və təhlilini nəzərdə tutur. İkinci layihənin məqsədi süd vəzisinin radiologiyasında çalışan rentgenoloq və radioqrafların bacarıq, bilik və keyfiyyətini qiymətləndirmək üçün təlimə ehtiyacı müəyyən etməkdir ki, bu da özlüyündə skrininq xidmətinə müsbət təsir göstərəcək. Ümid edirik ki, əhaliyə daha yaxşı xidmət göstərəcəyik” – deyə Tamar Sxirtladze bildirib.
Öz növbəsində, Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin mütəxəssisləri skrininq mərkəzinin nümayəndələrinə inkişaf baxımından dəstək verəcəklərini bildiriblər.