Berndə Gürcüstanın ilk diplomatik missiyasına həsr olunmuş xatirə lövhəsinin açılışı baş tutub
İsveçrədə, Bern şəhərində Thunstarsse 2 ünvanında yerləşən tikilini bu gündən etibarən Gürcüstanın ilk diplomatik missiyasına həsr olunmuş xatirə lövhəsi bəzəyir.
Tbilisi Meriyasının Mətbuat Xidmətinin məlumatına görə, xatirə lövhəsi 1918-1920-ci illərdə Gürcüstan Demokratik Respublikasının ilk diplomatik nümayəndəliyinin və Gürcüstanın Mətbuat Bürosunun yerləşdiyi binaya yerləşdirilib.
Tədbirdə Tbilisi və Bern şəhərlərinin merləri Kaxa Kaladze və Alek fon Qrafenrid iştirak ediblər. Kaxa Kaladze və Alek fon Qrafenrid iki ölkə arasındakı dostluq əlaqələrinin əhəmiyyətini vurğulayaraq İsveçrənin Gürcüstanın müstəqilliyini 1918-ci ildə tanıdığını qeyd ediblər.
Tbilisi merinin sözlərinə görə, bu il Gürcüstan və İsveçrə arasında diplomatik münasibətlərin bərpasının 30 ili tamam olub və bu tarixi qeyd etmək üçün xatirə lövhəsinin qoyulması önəmlidir.
” İsveçrənin ölkəmizin müstəqilliyini tanıdığı və 1918-ci ildə diplomatik nümayəndəliyimizin, səfirliyin yerləşdiyi binada ilk diplomatik nümayəndəliyin xatirə lövhəsinin açılışını etmək fürsətimiz oldu. Bir neçə il boyunca sözügedən bina tapılmırdı, ilk diplomatik nümayəndəliyin harada olması barədə məlumatımız yox idi. İsveçrə Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq yoluyla, səfirliyimizin iştirakı ilə arxivdə qeyd olunan yer tapılıb və onun sahibi xatirə lövhəsinin yerləşdirilməsinə razılıq verib ki, bu da çox xoşdur. Bir gürcü kimi mən Bern şəhərində ilk diplomatik missiyamızın xatirə lövhəsinin olmasından olduqca şadam” – deyə Kaxa Kaladze bildirib.
Xatirə lövhəsinin açılış mərasimində Tbilisi merinin müavini Andria Basilaia və Gürcüstanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Revaz Lominadze də iştirak ediblər.
“Kaxa Kaladzenin Berndə olmasına şadam, çünki Tbilisi ilə Bern arasında dostluq önəmlidir. Hər şey dəyişir, binalar dəyişir, lakin zamana tab gətirən dostluq qalır” – deyə Bern meri bildirib.
Gürcüstanın İsveçrədəki səfiri isə xatirə lövhəsinin açılmasının iki ölkə arasında gələcək əməkdaşlıq üçün son dərəcə önəmli olduğunu qeyd edib ki.
“Bu, Gürcüstanın tarixi üçün son dərəcə mühüm hadisə və yerdir, çünki 1918-ci ildə Berndə Gürcüstanın diplomatik nümayəndəliyi məhz bu yerdə yaradılmışdır. Bu 1918-ci ilin oktyabr ayı idi, həmin ilin noyabrında isə Gürcü İnformasiya Bürosu açıldı və o vaxtdan gürcü kimliyinin, Gürcüstanın siyasi və iqtisadi imkanlarının təbliği istiqamətində fəaliyyət göstərirdi. Beləliklə, Bern və Tbilisi merləri tərəfindən xatirə lövhəsinin açılması bizim gələcək əməkdaşlığımız üçün son dərəcə vacibdir” – deyə Revaz Lominadze bildirib.