Berlində Gürcüstanın Aİ ölkələrindəki fövqəladə və səlahiyyətli səfirlərinin görüşü keçirilib
Berlində Gürcüstanın Aİ ölkələrindəki fövqəladə və səlahiyyətli səfirlərinin işgüzar görüşü-ambassadorial keçirilib.
Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili tədbir iştirakçıları qarşısında çıxış edib. Nazir ölkənin Avropaya inteqrasiyası istiqamətində atdığı addımlardan və gələcək planlardan danışıb.
O, səfirlərlə görüşdə Gürcüstanın Avropa İttifaqına namizəd statusu alması üçün ilin sonuna kimi həyata keçirilməli olan daxili iş planına toxunulduğunu qeyd edib.
Nazir tərəfdaşların dəstəyinin vacibliyinə diqqət çəkib.
“Tərəfdaşlarımız arasında əhval-ruhiyyə çox müsbətdir, bu, bizə ümid verir, bu istiqamətdə daha çox işlər görməyə güc verir. Hesab edirəm ki, biz ardıcıl və məntiqli şəkildə tərəfdaşlarımızın Gürcüstanla bağlı müvafiq qərar qəbul etmələri nöqtəsinə doğru irəliləyirik. Biz aktiv şəkildə işləməyə davam edəcəyik”- deyə XİN rəhbəri qeyd edib.
XİN rəhbəri səfirliklər arasında koordinasiya məsələsi və vahid fəaliyyət planından danışıb.
“Söhbət etdiyimiz əsas məsələ öz aramızda, bir-birimizlə koordinasiyanın təkmilləşdirilməsi və daha çox, namizəd üzvlüyün verilməsindən söhbət gedən zaman ölkələrin mövqelərinin yekun formalaşdırılmasında iştirak edən ev sahibi ölkələrin müvafiq şəxsləri ilə daha sıx ünsiyyətdir. Bu, hakimiyyətin, hakim partiyanın həyata keçirdiyi konkret işlər haqqında daha çox məlumat vermək və tərəfdaşlarımızı daha çox cəlb etmək və onları Avropaya inteqrasiya prosesimizin iştirakçısına çevirmək üçün məhz tərəfdaşlarımızla diplomatik korpusun daha çox aktivliyidir”-deyə Darçiaşvili açıqlayıb.
Mayın 10-da Berlində Gürcüstanın Aİ-yə üzv ölkələrdəki diplomatik missiya rəhbərlərinin görüşü keçirilib. Tədbirdə Gürcüstanın fövqəladə və səlahiyyətli səfirləri və Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının nümayəndələri iştirak ediblər.
Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.