Berlin şəhərində Fridrix Merts hökumətinə qarşı etiraz aksiyası keçirilib

20:56, 08.06.2026

Berlin şəhərində Fridrix Merts hökumətinə qarşı etiraz aksiyası keçirilib.

Brandenburq Qapısı yaxınlığında minlərlə insan toplaşaraq kansler Fridrix Merts hökumətinin istefasını tələb edib.

Aksiya iştirakçıları “Merts getsin” yazılı plakatlar daşıyıblar. Etirazçılar bildiriblər ki, hakim koalisiya bir ildən artıq müddətdə ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilməyib.

Narazılıq səbəbləri arasında pensiya sistemi və səhiyyə problemləri də göstərilir.

Etiraz aksiyası “Project M1llion” hərəkatı tərəfindən təşkil olunub və 11 maddədən ibarət tələb siyahısı təqdim edilib.

Mediada yayılan məlumatlara görə, nümayişçilər hökumətin istefası ilə yanaşı, İsveçrə tipli birbaşa demokratiyanın tətbiqini də tələb ediblər. Bu model referendumlar və veto mexanizmləri vasitəsilə mühüm siyasi qərarların qəbulunu nəzərdə tutur.

Həmçinin, onlar cinayət keçmişi olan və qeyri-qanuni miqrantların dərhal deportasiyasını, səhiyyə islahatlarının dayandırılmasını və ictimai yayım üçün məcburi ödənişlərin ləğvini tələb ediblər.

Berlin polisi aksiyada təxminən 2 000 nəfərin iştirak etdiyini, təşkilatçıların isə 10 000 nəfərin qeydiyyatdan keçdiyini bildirib.

Oxşar