Ben Uollas - Putinin səhvə yol verdiyini etiraf etməsinin, Ukrayna xalqına qarşı etdiyi səhvləri düzəltməsinin və Ukraynanı tərk etməsinin vaxtı yetişib
Putinin səhvə yol verdiyini etiraf etməsinin, Ukrayna xalqına qarşı etdiyi səhvləri düzəltməsinin, Ukraynanı tərk etməsinin və Ukraynanın normal həyata qayıtmasına kömək etməsinin artıq vaxtı yetişib-bu barədə Britaniyanın müdafiə naziri Ben Uollas bildirib.
Onun sözlərinə görə, Ukrayna prezident Putinin aqressiv, qeyri-qanuni müdaxiləsinin qurbanıdır.
Bununla yanaşı, Ben Uollas bütün beynəlxalq ictimaiyyətin Ukrayna xalqının azadlığının möhkəmlənməsini və Ukraynanın suverenliyinin qorunmasını istədiyini bildirib.
” Böyük Britaniya və Ukrayna 2014-cü ildən və ondan əvvəl də bir-birinə sərmayə qoyur. Biz təslim olmaq fikrində deyilik. Biz Ukraynanın və onun etdiyi seçimlərin yanındayıq. Ukrayna prezident Putinin aqressiv, qeyri-qanuni müdaxiləsinin qurbanıdır və Ukrayna xalqı günahsız insanları və vətəndaşları qətlə yetirmək, şəhər infrastrukturunu məhv etmək üçün fərq qoymadan atəş açan rus qoşunlarının əli ilə dəhşətli işgəncələrə məruz qalır. Bu, prezident Putinin dediklərinə tamamilə ziddir. Prezident Putin ukraynalıların onu xilaskar kimi qarşılayacaqlarını söylədi, lakin o yanılırdı. O, ordusunun yenilməz olduğunu iddia edirdi, lakin yanıldı. O, beynəlxalq ictimaiyyətin birlikdə və möhkəm dayanmayacağını iddia edirdi və yenə də yanıldı. Putinin səhvə yol verdiyini etiraf etməsinin, Ukrayna xalqına qarşı etdiyi səhvləri düzəltməsinin, Ukraynanı tərk etməsinin və Ukraynanın normal həyata qayıtmasına kömək etməsinin artıq vaxtı yetişib. Bütün beynəlxalq ictimaiyyət Ukrayna xalqının azadlığının gücləndirilməsini və Ukraynanın suverenliyinin qorunmuş olmasını istəyir-deyə Ben Uollas Londonda ukraynalı həmkarı Oleksi Reznikovla birgə mətbuat konfransında bildirib.