Belqradda dəmir yolu vağzalında baş verən insidentlə bağlı yüzlərlə insan etiraz aksiyası keçirib
Belqradda dəmiryol vağzalında baş verən insidentlə bağlı yüzlərlə insan etiraz aksiyası keçirib.
Serbiyanın Novi Sad şəhərində 14 nəfərin ölümü ilə nəticələnən dəmiryol vağzalında beton damın uçmasından sonra nümayişçilər hakimiyyəti səhlənkarlıqda və korrupsiyada ittiham ediblər.
Mitinq iştirakçıları əllərində “Qan sənin əlindədir” və “Korrupsiya öldürür” yazılmış plakatlar tutublar. Nümayişçilər “Prezident Aleksandr Vuçiçi həbs edin” şüarları səsləndiriblər.
“Reuters”in yazdığı kimi, Serb müxalifətinin siyasətçiləri, fəalları və insan haqları qrupları Vuçiçi və hökuməti korrupsiyada, mütəşəkkil cinayətkarlıqla əlaqədə, qohumbazlıqda və həddindən artıq bürokratiyada ittiham edirlər.
Vuçiç və müttəfiqləri ittihamları rədd edirlər. Serbiyanın baş naziri Miloş Vuçeviç deyib ki, hakimiyyət təbii fəlakətdə kimin məsuliyyət daşıdığını araşdırır. Şəhər prokurorluğu bildirib ki, müstəntiqlər hadisə ilə bağlı nəqliyyat naziri Qoran Vesiç də daxil olmaqla 26 nəfəri dindirib və mühüm sənədlər əldə ediblər. Bundan əlavə, 14 nəfər dindirilməyə çağırılıb.
Xatırladaq ki, Serbiyanın Novi Sad şəhərində dəmiryol vağzalının beton damı uçaraq gözləmə zalında oturan insanların üzərinə düşüb. Nəticədə 14 nəfər həlak olub.