Beka Odişaria - gürcü diasporunda milli kimliyin, dilin və Gürcüstan haqqında biliklərin qorunması dövlətin fundamental funksiyasıdır
Beka Odişaria - gürcü diasporunda milli kimliyin, dilin və Gürcüstan haqqında biliklərin qorunması dövlətin fundamental funksiyasıdır

 

Gürcüstan Parlamentinin Diaspor və Qafqaz Məsələləri Komitəsinin sədri Beka Odişaria Təhsil və Elm Nazirliyinin Beynəlxalq Əlaqələr və Strateji İnkişaf Departamentinin rəhbəri Kaxa Xandolişvili və eyni departamentin Beynəlxalq Əməkdaşlıq və Diasporla Əlaqələr İdarəsinin rəhbəri, Ana Lukava ilə görüşüb.

Gürcüstan parlamenti tərəfindən yayılmış məlumatda görüşdə nazirliyin gürcü diasporu istiqamətində həyata keçirdiyi fəaliyyətlər, cari və planlaşdırılan layihələr, xaricdə gürcü bazar günü məktəblərinin fəaliyyəti və mövcud çağırışlar barədə danışıldığı deyilir.

Beka Odişaria diasporun iştirakı ilə təhsil və elmi layihələrin həyata keçirilməsinin vacib olduğunu və bu baxımdan nazirliyin səylərinin böyük əhəmiyyət kəsb etdiyini deyib.

“Gürcü diasporunda milli kimliyi, gürcü dilini və Gürcüstan haqqında bilikləri qorumaq dövlətin fundamental funksiyasıdır. Məqsədimiz xaricdə təhsil və elm sahəsində çalışan həmvətənlərimizi üzə çıxarıb onlara dəstək olmaq, onların elmi potensialından ölkənin qurulmasında tam istifadə etmək olmalıdır” – deyə Beka Odişaria açıqlayıb.

Nazirliyin nümayəndələrinin qeyd etdiyi kimi, xaricdə kartvelologiya mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi və artırılması, diasporun gənc nümayəndələrinin ali təhsil almalarının asanlaşdırılması və təşviq edilməsi onların fəaliyyətinin prioritet istiqamətləridir.

Tərəflər diaspora istiqamətində təhsil və elmi fəaliyyətlə bağlı aktual məsələlər üzrə sahə qurumlarının, ekspertlərin və maraqlı ictimaiyyətin iştirakı ilə komitə dinləmələrinin keçirilməsi barədə razılaşıblar.