Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirliyinin innovasiyalar və texnologiyalar agentliyi (GITA) və “Baku Business Factory” (BBF) arasında anlaşma memorandumu imzalandı.
Bu anlaşma Gürcüstan və Azərbaycan startaplarının və innovatorlarının bazara qarşılıqlı şəkildə çıxmasına kömək edəcək. Həmçinin Gürcüstan startapları BBF-in bir sıra xidmətlərindən yararlana biləcəklər.
Bütün bunlarla yanaşı tərəflər hər iki ölkənin şirkətləri və startapları üçün biznes forumlar, seminarlar və bu tipli digər görüşlər təşkil edəcəklər.
BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi isə 2014-cü ildə yaradılıb. Agentliyin əsas məqsədlərinə Gürcüstanda innovativ ekosistemin yaradılması, bir sıra sahələrdə innovasiya və texnologiyalardan istifadənin stimullaşdırılması, innovativ sahibkarlığın kommersiyalaşdırılması, İT və innovativ startaplara dəstək vermək və sair daxildir.