Batumidə 2021-ci ilin oktyabrın 8-də baş vermiş faciə nəticəsində zərər çəkmiş ailələr üçün yeni yaşayış evinin tikintisinə başlanılıb
Batumidə 2021-ci ilin oktyabrın 8-də baş vermiş faciə nəticəsində zərər çəkmiş ailələr üçün 26 May küçəsində yeni yaşayış evinin tikintisinə başlanılıb.
Faciə yerində yaşayış kompleksinin tikintisi barədə bu gün Acara hökumətinin sədri Tornike Rijvadze Batumi meri Arçil Çikovani ilə birlikdə məlumat verib.
Tikinti işlərini “Anagi” şirkəti həyata keçirəcək.
“Batumi faciəsində zərər çəkmiş ailələr üçün yeni yaşayış evinin tikintisinə başlanılıb. Ümid edirəm ki, hər bir ailə öz yeni evində dinc yaşamağa davam edəcək”, – deyə Tornike Rejvadze bildirib.
Batuminin 26 May küçəsində yaşayış evinin tikintisinə 8 milyon laridən çox vəsait ayrılıb. İşlər 2024-cü ilin avqustunda başa çatacaq.
2021-ci ilin oktyabrın 8-də binanın bir girişinin uçması nəticəsində 3-ü azyaşlı uşaq olmaqla 9 nəfər həlak olub. Meriya zərər çəkmiş 52 ailəni alternativ əraziyə köçürüb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları 3 nəfəri, o cümlədən birinci mərtəbədəki mənzilin sahibini və həmin mənzildə təmir işləri aparan iki nəfəri saxlayıblar.
Məlumatı Acara hökumətinin mətbuat xidməti yayır.