Batumi sakrebulosunun üzvü Natalia Dzidziquri “Gürcüstan naminə” partiyasının üzvlərini təzyiq və təhdiddə ittiham edir
Bir neçə gün əvvəl “Gürcüstan naminə” partiyasından xaric edilən Batumi sakrebulosunun üzvü Natalia Dzidziquri keçmiş həmpartiyalılarını təzyiq və şəxsi həyatının təfərrüatları ilə təhdiddə ittiham edir.
Jurnalistlərə danışan Dzidziquri konkret olaraq Batumi sakrebulosunun üzvü Akaki Qianidzedən bəhs edib, lakin o, partiya liderləri tərəfindən təzyiqlər edildiyini və bu barədə Qiorqi Qaxarianın özünün bildiyinə əmin olduğunu deyib.
“Onlar məni sədri Akaki Qianidze, üçüncü üzvünün isə “Lelo”nun üzvü olacaq fraksiyaya daxil olmağa məcbur edirdilər. Mənə görünməmiş təzyiqlər edilirdi, lakin bu, qəbuledilməz idi, çünki partiyanın əsası qoyulduqdan sonra mövqeyi dəyişdi, “Milli Hərəkat”la birgə fəaliyyət göstərir, bu da mənim üçün qəbuledilməzdir. Məhz bu səbəbdən bir çox regional təşkilatlarda böhran yarandı. Sakrebulonun iclasında “Milli Hərəkat”a qoşulmadığıma və salonu tərk etmədiyimə görə məni partiyadan xaric etdilər” – deyə Natalia Dzidziquri açıqlayıb.
Dzidziquri bildirir ki, şəxsi həyatında müəyyən problemlər olub, bu səbəbdən məhkəməyə müraciət edib və onun sözlərinə əsasən, məhz bu təfərrüatları açıqlamaq yoluyla ona təzyiq göstərməyə çalışıblar.
“Gürcüstan Naminə” partiyası iki üzvünü sıralarından xaric edib. Batumi sakrebulosunun deputatı Natalia Dzidziquri və Kobuleti Munisipalitetinin sakrebulosunun deputatı Şota Qoqitidze partiyadan xaric ediliblər. Partiyadan bildirilib ki, “Dzidziquri və Qoqitidze dəfələrlə komandadan kənar hərəkətlərdə, komandanın ziyanına atılan addımlarda və hakimiyyətlə gizli əməkdaşlıqda ifşa olunublar.