Batumi dolama yolu açıldı
Batumi dolama yolu açıldı

Uzunluğu 14 km olan Batumi dolama yolu avtomobillərin hərəkəti üçün açılıb.

Batumi dolama yolunun tikintisi layihəsi çərçivəsində 20 körpü və 5 tunel olmaqla, 14 km uzunluğunda, iki zolaqlı asfalt-beton yol çəkilib.

Yeni avtomobil yolu beynəlxalq yol hərəkəti təhlükəsizliyi norma və standartlarına tam uyğun şəkildə inşa edilib, burada bütün yol hərəkəti təhlükəsizliyi tədbirləri görülüb və ən yüksək standartlara cavab verən yol işıqlandırma sistemi ilə təmin olunub.

Dolama yol Batumidən yan keçir və şəhəri tranzit nəqliyyatdan tamamilə azad edir. Yeni yol Maxinjauridən başlayır və Xelvaçauridə bitir. Dolama yolda nəqliyyatın ətraf kəndlərlə və Batumiyə aparan əsas küçələrlə əlaqə saxlamasına imkan verən dörd yol qovşağı var.

Batumi dolama yolunun tikintisinə qədər motorlu nəqliyyat vasitələri, o cümlədən beynəlxalq tranzit nəqliyyat vasitələri yaşayış və turizm zonalarında hərəkət edirdi ki, bu da nəqliyyatın hərəkətini çətinləşdirir və tıxaclar yaradırdı. Batumi dolama yolu Kobuleti dolama yolu ilə birlikdə Acarıstanın kurort zonasında nəqliyyatın hərəkətini tamamilə rahatlaşdıracaq, şəhərdə yaşayış və istirahət şəraitini yaxşılaşdıracaq. Yeni yol keçid qabiliyyətinin və tranzit yük dövriyyəsinin artmasına əhəmiyyətli töhfə verəcək.

Batumi dolama yolu İspaniyadan başlayan və səkkiz ölkədən keçən Potidə bitən Qərbi-Şərqi Avropa marşrutunun (E70) bir hissəsidir. Bu beynəlxalq dəhliz Qərbi və Şərqi Avropa dövlətləri arasında ticarət əlaqələri, turist səfərləri və mədəni əlaqələr üçün vacibdir.
Batumi dolama yolunun tikintisi layihəsi Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankından (AIIB) alınan kreditlər çərçivəsində həyata keçirilib və dövlət büdcəsi hesabına birgə maliyyələşdirilib. Layihənin dəyəri 330 milyon lari idi.

Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayıb.