Baş nazirin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
Baş nazirin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Baş nazirin mətbuat xidmətinin məlumatında görüşdə Ukraynada davam edən hərbi əməliyyatlar və Gürcüstanın qarşılaşdığı çağırışlar da daxil olmaqla dünya və regional təhlükəsizlik mühitinin mühüm tendensiyalarının müzakirə edildiyi deyilir.

İşğal olunmuş ərazilərdə cari mühüm proseslərə xüsusi diqqət yetirilib. İclasda həmçinin milli səviyyəli konseptual sənədlərin yenilənməsi prosesi, o cümlədən “2023-2027-ci illər üçün Gürcüstanın dövlət sərhədinin kompleks idarə olunması strategiyası”nın yekun variantı müzakirə edilib və təsdiq edilməsi barədə qərar qəbul edilib. “Təhlükələrin Qiymətləndirilməsi Sənədi”nin və “Gürcüstanın Fəlakət Riskinin Azaldılması üzrə Milli Strategiyası”nın yenilənməsi ilə bağlı məsələlərə diqqət yetirilib.

Milli Təhlükəsizlik Şurasının iclasında bu il Milli Kibertəhlükəsizlik Forumunun keçirilməsi barədə qərar qəbul edilib. İclas iştirakçıları mühüm infrastrukturun mühafizəsi sahəsində islahatların hazırlanması prosesini də müzakirə ediblər.

Baş nazirin rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında şuranın katibi, daxili işlər naziri Vaxtanq Qomelauri və şuranın daimi üzvləri : müdafiə naziri Cuanşer Burchuladze, maliyyə naziri Laşa Xutsişvili, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Kəşfiyyat Xidmətinin rəhbəri Şalva Lomidze, Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze və Müdafiə Qüvvələrinin komandanı Qiorqi Matiaşvili iştirak ediblər.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.