Baş nazirin rəhbərliyi ilə 2022-ci ilin üzüm yığımına hazırlıq görüşü keçirilib
Baş nazirin rəhbərliyi ilə 2022-ci ilin üzüm yığımına hazırlıq görüşü keçirilib

 

Baş nazir İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında 2022-ci ilin üzüm yığımına hazırlıq görüşü keçirilib.

Baş nazirin mətbuat xidməti tərəfindən verilmiş məlumatda, görüşdə həm dövlət, həm də şərabçılıq özəl sektorunun üzüm yığımını mütəşəkkil keçirməyə tam hazır olduğunun vurğulandığı deyilir. Üzüm yığımının mütəşəkkil və uğurlu şəkildə həyata keçirilməsi üçün zəruri olan konkret tədbirləri müzakirə ediblər.

Dövlətin dəstəyi ilə üzümçülüklə məşğul olan bütün fermerlərin istehsal etdikləri məhsulu satışa çıxara biləcəyi, eyni zamanda, üzümçülük və şərabçılıq sənayesinin son illərdəki sabit inkişaf dinamikasının qorunub saxlanılacağı vurğulanıb.

Üzüm yığımı üzrə koordinasiya qərargahının avqustun 25-də Telavi şəhərində açılacağı və ənənəvi olaraq 24 saatlıq rejimdə işləyəcəyi qeyd olunub. Hökumətin qərarına əsasən, üzümçülərə verilən subsidiya bu il də davam etdiriləcək. Sözügedən məsələ ilə bağlı konkret detallar hökumətin yaxın gələcəkdəki iclasında açıqlanacaq.

Hökumət Administrasiyasında keçirilən görüşdə vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia, Maliyyə naziri Laşa Xutsişvili, Parlamentin İqtisadiyyat və İqtisadi Siyasət Sektorunun komitə sədri Davit Sonğulaşvili, Telavi,Axmeta,Ğvareli və Laqodexinin majoritar deputatı, Parlamentin Prosedur və Reqlament Komitəsinin sədri İrakli Kadaqişvili və Hökumət Administrasiyasının Regionlarla Əlaqələr şöbəsinin müdiri Leri Barnabişvili iştirak ediblər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.