Baş nazir “Charoen Pokphand Group”un sədri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tailandın ən böyük konqlomeratlarından biri olan “Charoen Pokphand Group”un sədri Kris Suopakic Cearavanont ilə görüşüb.
Hökumət administrasiyasının məlumatına görə, görüşdə əməkdaşlıq perspektivləri, o cümlədən Gürcüstanda strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi müzakirə olunub.
Anaklia dərin su limanı və Vaziani beynəlxalq hava limanının tikintisi layihələrinə, həmçinin onların regional bağlılığın daha da gücləndirilməsindəki əhəmiyyətinə xüsusi diqqət yetirilib. Görüşdə həmçinin enerji sektorunda əməkdaşlıq potensialı və ölkədə bərpa olunan enerji istehsalı sahəsində mövcud olan resurslar müzakirə olunub.
Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti xarici investisiyaları təqdir edir və investorlara sabit, proqnozlaşdırıla bilən və cəlbedici biznes mühiti təklif edir.
Tailandın ən böyük konqlomeratlarından biri olan “Charoen Pokphand Group” qida və aqrobiznes, pərakəndə və elektron ticarət, telekommunikasiya, daşınmaz əmlak, infrastruktur, maliyyə və avtomobil sənayesi daxil olmaqla müxtəlif sektorlarda fəaliyyət göstərir. Konqlomerat 23 ölkədə təmsil olunur, 456 mindən çox işçisi var və illik dövriyyəsi 100 milyard dolları keçib.
Görüşdə İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak edirdi.