Baş nazir İrakli Ğaribaşvili Avstriya Respublikasının federal kansleri Karl Nehammer ilə görüşüb
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Avstriya Respublikasında ilk rəsmi səfərdədir.
Baş nazir Avstriya Respublikasının federal kansleri Karl Nehammerin şəxsi dəvəti ilə Vyanaya səfər edib. Rəsmi qarşılanma mərasimindən sonra Gürcüstanın baş naziri federal kansler Karl Nehammer ilə əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə görüşüb.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin verdiyi məlumatda, Gürcüstan və Avstriya Respublikası arasında mövcud tərəfdaşlıq münasibətlərinə və müxtəlif istiqamətlərdə əməkdaşlıq gündəliyinin gücləndirilməsinə toxunulduğu deyilir. Görüşdə Avstriya Respublikasının Gürcüstanın Avropa istəklərinə və Avropa seçiminə olan qəti dəstəyi vurğulanıb.
Hökumət başçısı Avropa İttifaqına üzvlük yolunda Avstriyanın Gürcüstana köməyi davam etdirəcəyinə ümidvar olduğunu bildirib. Əsas diqqət Gürcüstanın Avropa perspektivinin müzakirəsinə yetirilib.
Baş nazir Gürcüstana Avropa perspektivinin tanınmasının tarixi qərar olduğunu bildirib. Bununla da Avropa Şurası və Aİ-yə üzv ölkələrin liderləri Gürcüstanın gələcəyinin Aİ-də olduğunu təsdiqləyiblər. Ölkə namizəd statusunun verilməsi üçün Avropa Komissiyasının tövsiyyələrini yerinə yetirməyə davam edir.
Gürcüstan və Avstriya İnkişaf Agentliyi (ADA) arasındakı uğurlu və səmərəli tərəfdaşlıq xüsusilə vurğulanıb. Agentlik ölkədə iddialı islahatların həyata keçirilməsinə, xüsusən də Gürcüstanın regionlarının inkişafına mühüm töhfə verib. Görüşdə həmçinin ikitərəfli münasibətlərin geniş spektri, o cümlədən turizm və enerji istiqamətində ticarət və iqtisadi əməkdaşlığın aspektləri, eləcə də Gürcüstan və Avstriya Respublikasının regionları arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub.
Baş nazir Gürcüstanın Avropaya inteqrasiyasına, suverenliyinə və ərazi bütövlüyünə verdiyi qəti dəstəyə görə Avstriya Respublikasının federal kanslerine təşəkkür edib.
İrakli Ğaribaşvili Karl Nehammeri Gürcüstana cavab səfərinə dəvət edib. Baş nazir İrakli Ğaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin tərkibinə xarici işlər naziri İlia Darçiaşvili və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze daxildir.