Banqladeşin Prezidenti ölkə parlamentini buraxıb və sabiq baş nazir Xaleda Zianı ev dustaqlığından azad edib
Banqladeşin Prezidenti ölkə parlamentini buraxıb və sabiq baş nazir Xaleda Zianı ev dustaqlığından azad edib

 
Banqladeşin Prezidenti ölkə parlamentini buraxıb və ölkənin sabiq baş nazir Xaleda Zianı ev dustaqlığından azad edib.

“BBC”nin yazdığı kimi, ölkənin baş naziri Şeyx Hasina etirazlar fonunda ölkədən qaçdıqdan və Banqladeşdə hərbçilərin idarəçiliyi elan edildikdən sonra Şahabudin Çupu bu qərarı qəbul edib. Bundan əvvəl Banqladeşin Prezidenti ölkənin hərbi rəhbərliyi, siyasi partiyaların liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident Administrasiyasının yaydığı bəyanatda parlamentin ölkənin müvəqqəti hökumətinin formalaşdırılması məqsədilə buraxıldığı qeyd olunub.

“Reuters”in məlumatında, tələbə etiraz hərəkatının üzvlərinin parlamentin buraxılması tələbi ilə hakimiyyətə ultimatum verməsindən sonra Banqladeşin Prezidentinin bu bəyanatı yaydığı deyilir. Eyni zamanda tələbə hərəkatının lideri Nahid İslam Nobel Sülh Mükafatı laureatı Muhamed Yunusun Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilməsi təşəbbüsü ilə çıxış edib.

Məlumat üçün bildirək ki, avqustun 5-də hökumət əleyhinə aksiyalar fonunda Banqladeşin Baş naziri Şeyx Hasina vəzifəsini və ölkəni tərk edib. O, 15 il ərzində Banqladeşə rəhbərlik edirdi. Həmin gün nümayişçilər prezidentin iqamətgahına daxil olublar, Banqladeş ordusunun rəhbəri isə müvəqqəti hökumətin təyin edilməsi planını elan etdi.

İyulun əvvəlindən Banqladeşdə davam edən etiraz aksiyaları zamanı yüzlərlə insan həlak olub. Təkcə avqustun 5-də etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmada 109 nəfər həyatını itirib.